Fransa dəniz qüvvələri La-Manş körfəzində Rusiyaya məxsus yük gəmisini yaxaladı
Fransa dəniz qüvvələri La-Manş körfəzində Sankt-Peterburqa tərəf üzən Rusiyaya məxsus yük gəmisini yaxaladı.
Bu barədə məlumatı “BBC” yayır. Böyük Britaniyanın İctimai Televiziyasına Fransa hakimiyyətinin verdiyi məlumata görə, gəmi Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində yaxalanıb. Gəmi Fransanın şimalındakı Bulon-sur-Mer limanına aparılır.
127 metr uzunluğunda olan “Baltik Lideri” adlı Rusiya yük gəmisi nəqliyyat vasitələri ilə yüklənib. Fransa hakimiyyətinin məlumatına görə, gəminin sahibi olan şirkət Avropa İttifaqının sanksiyalar siyahısına düşüb. Fransa tərəfinin məlumatına görə, gəminin ekipajı Fransanın hakimiyyət orqanları ilə əməkdaşlıq edir.
“Ria Novosti” rus agentliyinin məlumatına görə, Rusiyanın Fransadakı Səfirliyi gəminin saxlanması ilə bağlı Fransa hakimiyyətindən izahat tələb edir.