Frank-Valter Ştaynmayer növbədənkənar parlament seçkilərinin tarixi kimi fevralın 23-ü təsdiqləyib
Almaniya prezidenti Frank-Valter Ştaynmayer növbədənkənar parlament seçkilərinin 23 fevral 2025-ci il tarixini təsdiqləyib. Bu barədə Almaniya prezidentinin administrasiyası məlumat yayıb.
Bundan əvvəl Ştaynmayer hakim koalisiyanın liderləri, eləcə də müxalifət alyansının – “Xristian-Demokratik İttifaqı”nın lideri ilə görüşüb.
Görüşdən sonra Ştaynmayer Bundestaqdakı parlament fraksiyalarının hökumətə etimad səsverməsinin tarixi kimi dekabrın 16-da razılaşdırılması faktını alqışlayıb.
“Prezident açıq şəkildə bəyan edib ki, Bundestaq Federal Kanslere etimad göstərməsə, o, parlamentin buraxılması barədə tez bir zamanda qərar qəbul edəcək”. – administrasiyanın açıqlamasında deyilir.
Bundan əlavə, bəyanatda qeyd edilir ki, Ştaynmayer “23 fevral 2025-ci il tarixini yeni seçkilərin keçirilməsi üçün real tarix hesab edir”.
“Prezident həmçinin bütün parlament qruplarını Almaniyanın daxili və xarici təhlükəsizliyini təmin etmək üçün bu qanunvericilik dövründə hansı qanunvericilik təkliflərinin hələ də həyata keçirilə biləcəyini məsuliyyətlə və birgə nəzərdən keçirməyə çağırıb”. – bu barədə administrasiyanın bəyanatında deyilir.
Almaniya hökumətində böhran Almaniya kanslerinin noyabrın 6-da maliyyə naziri, “Azad Demokratlar”ın üzvü Kristian Lindnerin istefaya göndərilməsi barədə qərarından sonra başlayıb. Bu səbəbdən “Sosial Demokratlar”, “Yaşıllar” və “Azad Demokratlar”ın daxil olduğu hakim koalisiya faktiki olaraq dağıldı.