Fövqəladə Hallar Xidməti yanğınsöndürən-xilasedicilər üçün yanğına davamlı geyim forması və avadanlıqlar alıb
Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidməti Yanğın-xilasetmə Qüvvələri Departamentinin yanğınsöndürən-xilasediciləri üçün ümumi dəyəri 3 milyon 491 min lari olan 1000 ədəd yanğına davamlı geyim forması və xüsusi avadanlıq alıb.
Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəisi Temur Mğebrişvili, onun müavini Zurab Pavliaşvili xüsusi hallara reaksiya üzrə baş idarənin bazasında yanğın-xilasetmə qüvvələrinin nümayəndələri ilə birlikdə müasir standartlara cavab verən yanğına davamlı geyim formalarına və xüsusi avadanlıqlara baxış keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, gələcəkdə yanğınsöndürmə bölmələrinə beynəlxalq “EN” standartına uyğun yanğına davamlı yeni geyim formaları paylanılacaq.
“Fövqəladə Halların İdarə Edilməsi Xidməti şəxsi heyətin Avropa standartlarına uyğun xüsusi geyim forması, avadanlıq və avto-texnika ilə təmin edilməsini davam etdirir, həmçinin sistemli şəkildə yeni infrastruktur layihələri həyata keçirir”, – Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.