“Financial Times” – Vaşinqton Türkiyəyə xəbərdarlıq edir ki, əgər Rusiyaya ABŞ hərbi texnikasının ixracını məhdudlaşdırmasa, bunun müəyyən nəticələri olacaq
“Financial Times” – Vaşinqton Türkiyəyə xəbərdarlıq edir ki, əgər Rusiyaya ABŞ hərbi texnikasının ixracını məhdudlaşdırmasa, bunun müəyyən nəticələri olacaq

Vaşinqton Türkiyəyə xəbərdarlıq edir ki, əgər o, Rusiyaya Amerika hərbi texnikasının ixracını məhdudlaşdırmasa, bunun müəyyən nəticələri olacaq. Bu barədə “Financial Times” yazır.

ABŞ-ın həssas texnologiyaları Amerikanın düşmənlərinin əlindən saxlamaq səylərinə rəhbərlik edən ticarət nazirinin köməkçisi Metyu Akselrod bu yaxınlarda Ankara və İstanbulda Türkiyə rəsmiləri ilə görüşüb.

Metyu Akselrod deyir ki, Türkiyə ABŞ-dan alınan çiplərin və Rusiyanın Ukraynadakı müharibəsi üçün vacib olan digər hissələrin ticarətini dayandırmaq üçün daha çox iş görməlidir.

“Türkiyənin bizə Amerika texnologiyalarının Rusiyaya qeyri-qanuni axınını dayandırmaqda kömək etməsi lazımdır. “Biz Türkiyə hökuməti və sənayesindən sürətli irəliləyiş görməliyik, əks halda bizim ixrac nəzarətimizdən yayınanların nəticələri ilə üzləşməkdən başqa çarəmiz qalmayacaq”, – Metyu Akselrod bildirib.

“Financial Times” yazır ki, ABŞ Türkiyənin Qərb istehsalı olan elektronikanın, o cümlədən prosessorlar, yaddaş kartları və gücləndiricilərin ixrac nəzarətini pozaraq Rusiyaya daxil olduğu əsas mərkəzə çevrilməsindən xüsusilə narahatdır.

ABŞ Ticarət Nazirliyi bu ticarətə görə artıq 18 türk şirkətini öz siyahısına əlavə edib. ABŞ Maliyyə Nazirliyi Rusiyanın hərbi sənaye kompleksinə material tədarük etdiyi iddiası ilə bir neçə türk şirkətinə qarşı ayrıca sanksiya tətbiq edib.