"Financial Times" - Sanksiyalara baxmayaraq, "Rosatom" bütün dünya miqyasında yeni reaktorların tikintisində iştirak edir
"Financial Times" - Sanksiyalara baxmayaraq, "Rosatom" bütün dünya miqyasında yeni reaktorların tikintisində iştirak edir

 
Qərbin sanksiyalarına baxmayaraq, “Rosatom” bütün dünya miqyasında yeni reaktorların tikintisində iştirak edir.

“Financial Times”ın yazdığı kimi, “Rusiya atom elektrik stansiyalarının rəqibsiz ixracatçısı olaraq qalır. O, dünyada, o cümlədən Çin, Hindistan, İran və Misirdə tikilməkdə olan yeni reaktorların üçdə birinin tikintisində iştirak edir”.

Nəşrə əsasən, “Rosatom” reaktorların və yanacağın təchizatını, onların istismardan çıxarılmasını və tullantıların idarə edilməsini təmin edir.

“Ukraynada müharibə başlamazdan əvvəl atom elektrik stansiyalarının tikintisinin yarısında məhz Rusiya iştirak edirdi. Əsas rəqibləri – Çin, Fransa, Yaponiya, Cənubi Koreya və ABŞ-ın payına, ümumilikdə, təxminən 40% düşürdü. Elektrik stansiyasının tikintisi təxminən 10 il davam edir. Reaktorun istismar müddəti isə 60 ildir. Sökülməyə hazırlıq, o cümlədən radioaktiv hissələrin çıxarılmasına 10-20 il lazımdır”- materialda deyilir.

Qeyd olunur ki, “Rosatom” Banqladeşdə 12 milyard dollar dəyərində atom elektrik stansiyası tikir. O, həmçinin Türkiyədə atom elektrik stansiyalarının tikintisi prosesində iştirak edir.

“Rosatom” Afrika və Cənubi Amerika ölkələri ilə 20-dən çox qarşılıqlı anlaşma memorandumu imzalayıb.