“Euronews” – Fransa hökuməti, rusiyalı biznesmen Əlişir Usmanovun sanksiya tətbiq edilmiş şəxslərin siyahısından çıxarılması barədə Slovakiyanın tələbinə qoşulub

22:40, 11.09.2026

Fransa hökuməti, rusiyalı biznesmen Əlişir Usmanovun sanksiya tətbiq edilmiş şəxslərin siyahısından çıxarılması tələbində Slovakiyaya qoşulub, – bu barədə „Euronews“ diplomatik mənbələrə istinadən məlumat yayır.

Yayılan məlumata görə, Fransanın bu qərarı Avropa İttifaqının digər ölkələrində „böyük narazılığa“ səbəb olub.

Uzun müddətdir ki, Slovakiya Vladimir Putin hakimiyyətinə və Ukraynada davam edən müharibəni dəstəkləyən hərbi-sənaye kompleksinə yaxın şəxsləri əhatə edən Avropa İttifaqının sanksiya siyahısından Usmanovun və daha bir rusiyalı oliqarx Mixail Fridmanın çıxarılmasını tələb edir.

Usmanov, Rusiyanın 2022-ci ildə həyata keçirdiyi tammiqyaslı işğaldan bəri Avropa İttifaqının sanksiyaları altındadır. Usmanov, sərvətini metallurgiya, dağ-mədən sənayesi, telekommunikasiya və texnologiya sahələrinə etdiyi investisiyalar sayəsində qazanmış özbək mənşəli rusiyalı milyarderdir və Kremlə yaxın şəxs hesab olunur.

“Bu, motivasiya ilə bağlı bir çox suallar doğurub və görünən odur ki, burada əsasən iqtisadi səbəblər həlledici rol oynayır. Digər üzv ölkələr tərəfindən bu məsələyə qarşı böyük bir anlayış nümayiş etdirilmir”, – deyə Aİ diplomatı “Euronews”a bildirib.

Hazırda Avropa İttifaqının sanksiya rejimi, Rusiyanın hərbi-sənaye kompleksi və onun Ukraynaya təcavüzdəki payı ilə əlaqəli olan 3 000-dən çox fiziki və hüquqi şəxsi əhatə edir. Sanksiyalar rejiminin müddəti sentyabrın 15-də başa çatır.

Oxşar