Etiraz əlaməti olaraq ictimai yerlərdə paltarını çıxaran iranlı tələbə qıza qarşı ittiham irəli sürülməyəcək, qız ailəsinə qaytarılıb
Noyabrın əvvəlində ictimai yerlərdə soyunan iranlı tələbəyə qarşı ittiham irəli sürülməyəcək. Bu barədə “BBC” İran məhkəməsinin sözçüsünə istinadən məlumat yayıb.
Məhkəmədə deyildiyi kimi, gənc xəstəxanada müalicə olunaraq ailəsinə qaytarılıb.
“Onun xəstəxanaya aparıldığı və xəstə olduğu müəyyən edilərək ailəsinə təhvil verilib və ona qarşı heç bir məhkəmə işi başlanmayıb”, – İran məhkəməsinin sözçüsü Əsgər Cahangir bildirib.
Noyabrın əvvəlində sosial şəbəkələrdə Ahoo Daryaei adlı gənc qadının universitet şəhərciyində etiraz əlaməti olaraq paltarını soyunduğu, bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edildiyini göstərən videolar yayıldı. Bundan əvvəl o, universitetin təhlükəsizlik işçiləri tərəfindən hicabı düzgün geyinməməkdə günahlandırılıb və bu, qızın etirazı ilə müşayiət olunub. O zaman İran rəsmiləri tələbənin “xəstə” olduğunu və psixiatriya şöbəsinə aparıldığını bildiriblər.