Erqnetidə insidentlərin qarşısının alınması və reaksiya mexanizminin növbəti görüşü keçirilib
Erqnetidə insidentlərin qarşısının alınması və reaksiya mexanizminin növbəti görüşü keçirilib

 
İşğal altındakı Sxinvali ilə həmsərhəd Erqneti kəndində bu gün insidentlərin qarşısının alınması və reaksiya mexanizminin növbəti görüşü keçirilib.

DTX-nin analitik departamentinin direktor müavini İrakli Antadze, görüşdə əsas məsələlərdən birinin Tamaz Qinturinin qətli olduğunu bildirib. Gürcüstanın mərkəzi hakimiyyətinin nümayəndələri qətli törədən şəxslərin müəyyən edilməsini və onların ciddi şəkildə cəzalandırılmasını bir daha tələb ediblər. İrakli Antadzenin açıqlamasına əsasən, işğalçı rejim dırnaq arası sərhədçilərin qanun çərçivəsində hərəkət etdiklərini iddia edir.

Görüşdə Gürcüstan vətəndaşlarının qanunsuz saxlanılması və dırnaq arası sərhədləşmə faktları müzakirə edilib. Son ay yarım ərzində işğal xətti yaxınlığında sərhədləşmə ilə əlaqədar üç qanunsuz fakt qeydə alınıb. Əvvəlki görüşdən bu günədək rus hərbçilər işğal xəttinin yaxınlığında, Kareli və Qori munisipalitetlərinin Knolev, Zardiaantkari və Dvani kəndləri yaxınlığında qanunsuz işlər həyata keçiriblər.

Hazırda altı Gürcüstan vətəndaşı de-fakto rejimin qanunsuz həbsində qalır.

“Tamaz Qinturinin qətli ilə bağlı Rusiya Federasiyası tərəfindən hansı addımların atıldığı və qanunun icra olunacağına dair gözləntimizin olub-olmaması ilə maraqlandıq. Təəssüf ki, dırnaq arası sərhədçilərin nizamnaməyə tam uyğun hərəkət etdiklərinə dair eyni rişxəndli mövqeni dinlədik. Qeyri-qanuni sərhədləşmə prosesinə gəlincə, bununla bağlı geniş müzakirələr baş tutdu. Bizim tərəfimizdən qeyri-qanuni sərhədləşmə prosesinin qeydə alındığı 3 yerin adı çəkildi. Təəssüf ki, işğalçı qüvvələrin mövqeyi dəyişməzdir və absurd arqumentlərlə son dərəcə destruktiv prosesi qanuniləşdirməyə çalışırlar.

6 soydaşımız hələ də həbsdədir. Bizim tələbimiz hamının qeyd-şərtsiz azad edilməsidir. Saxlanılanların əksəriyyəti barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Onlardan birinin işi yenidən istintaqa qaytarılıb, onlardan biri Xetereli isə 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, yaz işlərinin başlaması kontekstində sərbəst hərəkəti də müzakirə etdik. Eləcə də Pasxa bayramı yaxınlaşır və bu zaman hərəkət problemi daha da kəskinləşir. Biz bu məsələlərlə bağlı, o cümlədən qaynar xətt vasitəsilə daim ünsiyyətdə olacağıq” – deyə İrakli Antadze açıqlayıb.

İnsidentlərin qarşısının alınması və reaksiya mexanizminin növbəti görüşü mayın 16-da Erqnetidə keçiriləcək.