Entoni Blinken - Gürcüstan hakimiyyətinin qlobal və regional səviyyədə, xüsusən də Kremlin təcavüzü fonunda səylərini yüksək qiymətləndiririk
Gürcüstan hakimiyyəti tərəfindən qlobal və regional səviyyədə, xüsusən də Kremlin təcavüzü fonunda göstərilən səyləri yüksək qiymətləndiririk – bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin İlia Darçiaşviliyə ünvanladığı məktubda qeyd olunub. Entoni Blinken Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvilini XİN-nin rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edir. Məktubda Blinken, Amerika Birləşmiş Ştatlarının Gürcüstanla strateji tərəfdaşlığa qəti şəkildə sadiq qaldığını qeyd edir.
Bununla yanaşı, Entoni Blinken qeyd edir ki, “Gürcüstanın müstəqilliyini bərpa etdiyi gündən ABŞ ölkənin demokratik, dinc, Avro-Atlantik və firavan gələcəyə olan arzularını dəstəkləyib. ABŞ demokratik institutların gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və münaqişələrin həlli prosesində Gürcüstanın yanında olacaq”-deyə Blinken yazır.
Məktubda həmçinin qeyd olunub ki, 30 illik əlaqələr boyunca ABŞ və Gürcüstan qlobal təhlükəsizliyi dəstəkləmək üçün, o cümlədən Əfqanıstanda və Birləşmiş Millətlər Təşkilatı çərçivəsində birgə çalışıblar.
“Bu istiqamətdə, Gürcüstan hakimiyyəti tərəfindən qlobal və regional səviyyədə, xüsusən də Kremlin təcavüzü fonunda göstərilən səyləri yüksək qiymətləndiririk. ABŞ Rusiya tərəfindən Gürcüstanın cari işğalını qınayır və ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləməyə davam edir. Paralel olaraq, bütün dünyanın Rusiyanın Ukraynaya qarşı apardığı qəddar və əsassız müharibəyə cavab verərkən, mən Gürcüstan hökumətini Ukraynanı dəstəkləmək üçün bütün mümkün addımları atmağa və törətdiyi hərbi cinayətlərə görə Rusiya Federasiyasına məsuliyyət yükləməyə çağırıram” -deyə Entoni Blinken İlia Darçiaşviliyə ünvanladığı məktubda qeyd edir.