Emmanuel Makron Fransanın yeni baş naziri olaraq Mişel Barnieni təqdim edib
Emmanuel Makron Fransanın yeni baş naziri olaraq Mişel Barnieni təqdim edib

 
Fransanın Prezidenti Emmanuel Makron ölkənin yeni baş naziri olaraq 73 yaşlı Mişel Barnieni təqdim edib. O, 2016-2021-ci illərdə “Brexit” danışıqlarında Avropa İttifaqının nümayəndəsi idi.

Bundan əvvəl Barnie Fransa hökumətində bir sıra vəzifələri tuturdu, o cümlədən Ətraf Mühitin Müdafiəsi Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət İşləri Nazirliyi və Kənd Təsərrüfatı və Balıqçılıq Nazirliyinə rəhbərlik edirdi. O, həmçinin daxili bazar və xidmətlər üzrə Avropa komissarı vəzifəsində işləyirdi.

Avqustun sonunda Emmanuel Makron solçu “Yeni Xalq Cəbhəsi” alyansının namizədi Lusi Kastı baş nazir postuna təyin etməkdən imtina edib.

Yeni baş nazirin təqdimatı heç bir partiyanın çoxluğu qazana bilmədiyi növbədənkənar parlament seçkilərindən iki ay sonra baş tutub.

İyulda keçirilən seçkilər nəticəsində solçu alyans “Yeni Xalq Cəbhəsi” 577 yerlik Milli Assambleyada 190 yer qazanıb. Makronun mərkəzçi alyansı təxminən 160 yerlə ikinci yerə çıxıb, sağçı “Milli Birlik” isə Marin Le Penin rəhbərliyi ilə 140 mandatla üçüncü yeri tutub.