Ekaterine Tikaradze Sosial Məcəllə ilə bağlı beynəlxalq ekspertlərlə görüşüb
Ekaterine Tikaradze Sosial Məcəllə ilə bağlı beynəlxalq ekspertlərlə görüşüb

İşğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial məsələlər naziri Ekaterine Tikaradze və nazir müavini Tamar Barkalaia davamlı, ədalətli və səmərəli sosial müdafiə sisteminə dəstək məqsədilə beynəlxalq ekspertlərlə görüşüblər. Məlumatı Nazirliyin mətbuat xidməti yayıb.

Agentlikdən verilən məlumata görə, söhbətin əsas mövzusu uğurlu ölkələrin təcrübəsinin bölüşdürülməsi əsasında həyata keçiriləcək “Sosial Məcəllə” olub. İslahat sosial, səhiyyə və sığorta sektorları üçün normativ-hüquqi bazanın işlənib hazırlanmasını özündə ehtiva edən sosial müdafiə sisteminə kompleks və inteqrasiyalı yanaşmanın tətbiqini nəzərdə tutur.

Sosial Məcəllə sosial yardım, o cümlədən məcburi köçkünlərə yardım, səhiyyə məsələləri, pensiyalar və s. kimi sosial müdafiə sahələrini və sxemlərini əhatə edəcək. İslahat məşğulluq və sosial müavinətlər sistemini, özəl və dövlət tibb müəssisələrinin maliyyələşdirilməsi, təşkili və tənzimlənməsi mexanizmlərini təkmilləşdirəcək, dərman vasitələrinin keyfiyyətini və onların əlçatanlığını artıracaq.

“Sosial Məcəllə ilə bağlı işlərə başlanılıb və biz artıq işçi qruplarının aktivləşdirilməsi mərhələsinə daxil olmuşuq. Hazırkı tərəqqi və gələcək planları müzakirə etmək üçün avropalı ekspertlərlə görüşdük. Bundan əlavə, görüşdə maliyyələşdirmə mexanizmi və Avropa təcrübəsi müzakirə olunub”, – deyə Tamar Barkalaia bildirib.

Ekspertlərin fikrincə, Sosial Məcəllə bütün vətəndaşların sosial-iqtisadi vəziyyətinin təminatına çevrilməlidir. O, yaxşılığa doğru dəyişəcək, maliyyə dayanıqlığını qoruyacaq və büdcə xərclərinin səmərəliliyini artıracaq.

“Görüşdə biz Avropa Sosial Təminat sisteminin maliyyələşdirilməsi mexanizmlərini, müxtəlif sahələrin necə maliyyələşdirilməsi prinsiplərini, məsələn: pensiyalar, səhiyyə xidmətləri, işsizlik, bədbəxt hadisələrdən sığorta kimi məsələləri müzakirə etdik. Alman sosial təminat modelinin maliyyələşdirilməsi ilə bağlı təcrübəmizi bölüşdük. İctimaiyyət alman modelinə nümunə kimi baxarkən, bu modelin çox baha başa gəldiyini qeyd etmək lazımdır. Milli büdcəmizin 30%-i sosial müdafiə xidmətlərinə sərf olunur”, – deyə avropalı ekspert Haqen Huqelşafer bildirib.

Sosial Məcəllənin hazırlanması tərəfdaş təşkilatların, Fransa və Çexiya İnkişaf Agentliklərinin və digər donor təşkilatların köməyi ilə ardıcıl şəkildə həyata keçiriləcək.

“Sosial Məcəllə” üzərində işlər 2023-cü ildə yekunlaşacaq.

İclasda müstəqil ekspertlər Dimitri Tskitişvili və Aleksandr Şaraşenidze iştirak ediblər.