Ədliyyə Nazirliyi – Avropa Şurası Nazirlər Komitəsi Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini növbəti dəfə təsdiqləyib və Rusiyanı beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırıb
Avropa Şurası Nazirlər Komitəsi sentyabr iclasında Avropa Məhkəməsinin „Gürcüstan Rusiyaya qarşı“ dövlətlərarası işləri üzrə qərarlarının icrası məsələsini müzakirə edib. Bu barədə məlumatı Gürcüstanın Ədliyyə Nazirliyi yayır.
Gürcüstanın təşəbbüsü və fəal iştirakı ilə Komitə Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə dəstəyini növbəti dəfə təsdiqləyib və Rusiya Federasiyasını aşağıdakılara:
Beynəlxalq öhdəliklərini yerinə yetirməyə və hərbi qüvvələrini Abxaziya və Tsxinvali bölgəsindən çıxarmağa; qondarma „sərhədləşdirmə“ prosesini dayandırmağa, işğal olunmuş bölgələrdə əhalinin sərbəst və təhlükəsiz hərəkətini, mülkiyyətə əlçatanlığını və gürcü dilində təhsil almaq imkanını təmin etməyə; məcburi köçkünlərin öz evlərinə təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıtması üçün şərait yaratmağa, həmçinin qətllər, adam oğurluğu, işgəncə, qanunsuz həbslər və digər ağır pozuntu praktikasının qarşısını almağa çağırıb.
“Gürcüstan Strasburqda Rusiyaya qarşı artıq tarixi qələbələr qazanıb – o cümlədən, qondarma „deportasiya olunmuşlar“, 2008-ci il avqust müharibəsi və „davam edən işğal“ işləri üzrə. Gürcüstan hakimiyyəti bütün hüquqi və diplomatik mexanizmlərdən istifadə edərək, Strasburq Məhkəməsi tərəfindən qəbul edilmiş qərarların tam icra olunması, həmçinin zərərçəkənlər üçün ədalətin bərpa edilməsi istiqamətində fəal şəkildə çalışır”, – Ədliyyə Nazirliyinin məlumatında qeyd olunub.