“East Point” ərazisində sahibsiz itlər üçün sığınacaq tikiləcək
“East Point” ərazisində sahibsiz itlər üçün sığınacaq tikiləcək

 

Tbilisidə “East Point” ticarət mərkəzinin ərazisində sahibsiz itlər üçün sığınacaq tikiləcək-bu barədə paytaxt meri Kaxa Kaladze munisipalitet hökumətinin iclasında bildirib.

O, tikinti məqsədi ilə Tbilisi Meriyasının Əmlakın İdarə Edilməsi Agentliyi ilə MMC “CBD Development” arasında müqavilə imzalandığını bildirib.

“Munisipalitet ilə biznes arasında qarşılıqlı əməkdaşlıq yolu ilə problemin həllini nəzərdə tutan olduqca yaxşı xəbərimiz var. Tbilisi Munisipalitetinin Meriyasının Əmlakın İdarə Edilməsi Agentliyi ilə MMC “CBD Development” arasında “East Point” ticarət mərkəzinin ərazisində sahibsiz itlər üçün sığınacaq tikintisini nəzərdə tutan müqavilə imzalanır. MMC “CBD Development” iki il ərzində Orxevi qəsəbəsində, Axvlediani II-nin dalanında yerləşən 9231 kvadratmetr torpaq sahəsinə 1 milyon 500 min lari investisiya həyata keçirəcək. Müqaviləyə əsasən, torpaq sahəsində itlər üçün qəfəslər, əməliyyat, karantin məkanları və digər yardımçı binalar tikiləcək. Şirkət 150 sahibsiz it üçün sığınacaq təşkil etməyi öhdəsinə götürür. Torpaq sahəsi şirkətə 15 il müddətinə pulsuz uzufruktla veriləcək”- deyə Tbilisi meri açıqlayıb.

Kaxa Kaladze həmçinin, sahibsiz heyvanların problemlərinin həlli üçün qanunvericilik bazası üzərində iş aparıldığını, munisipalitetin isə qanunvericilik dəyişikliklərindən sonra buna uyğun olaraq bütün addımları atmağa hazır olduğunu bildirib.

“Sahibsiz heyvanlar mövzusu şəhər və ümumilikdə ölkə üçün ciddi problemlərdən biridir. Tbilisidə bu istiqamətdə çox ciddi problem mövcuddur. Biz artıq Tbilisidə bu istiqaməti qaydasına salmaq üçün çoxdan işə başlamışıq. İlk növbədə görülməli olan iş qanunvericilik bazasını təkcə paytaxt deyil, bütün ölkə üzrə qaydasına salmaqdır. Əks halda qeyd olunan problemi həll etmək mümkün olmayacaq. Parlamentdə artıq sözügedən qanun layihəsinin müzakirəsinə başlanılıb, müxtəlif növ görüşlər keçirilir. Qeyri-hökumət təşkilatlarının iştirakı qeydə alınır. Maraqlanan bütün şəxslərin bu dəyişikliklər haqqında məlumat almaq imkanı var. Dəfələrlə qanunvericilik dəyişikliklərindən sonra munisipalitetin  qeyd olunan problemin həlli üçün vacib olan bütün addımları atmağa hazır olduğunu demişəm” – deyə paytaxt meri açıqlayıb.