DTX- Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılan Gürcüstan vətəndaşı Manuchar Qulitaşvili azadlığa buraxılıb
DTX- Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılan Gürcüstan vətəndaşı Manuchar Qulitaşvili azadlığa buraxılıb

 

Üç gün əvvəl Saçxere Munisipalitetinin Perevi kəndi yaxınlığında işğal olunmuş ərazidə Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılan Gürcüstan vətəndaşı Manuchar Qulitaşvili azaddır və mərkəzi hakimiyyətin nəzarətində olan ərazidədir-bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayır.

İdarədən verilən məlumatda qanunsuz saxlanma barədə məlumat daxil olan kimi dərhal “qaynar xətt”in və mərkəzi hakimiyyətin sərəncamında olan bütün mexanizmlərin işə salındığı deyilir.

“Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrlərinə və beynəlxalq tərəfdaşlarımıza məlumat çatdırılıb.

Gürcüstanın işğal olunmuş bölgələrində və işğal xətti boyunca həyata keçirilən bütün destruktiv hərəkətlərə görə məsuliyyət işğalçı qüvvənin üzərinə düşür.

Mərkəzi hakimiyyət beynəlxalq tərəfdaşlarla birlikdə işğal olunmuş ərazilərdə qanunsuz həbsdə olan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün aktiv səylər göstərməkdə davam edir” – deyə DTX-də açıqlayırlar.