DTX - Batumidə partlayıcı qurğuların olması ilə bağlı bildirişlər ölkə hüdudlarından kənardan daxil olub, Gürcüstanın yetkinlik yaşına çatmamış vətəndaşının telefon nömrəsi göstərilib
DTX - Batumidə partlayıcı qurğuların olması ilə bağlı bildirişlər ölkə hüdudlarından kənardan daxil olub, Gürcüstanın yetkinlik yaşına çatmamış vətəndaşının telefon nömrəsi göstərilib

 
Batumidə partlayıcı qurğuların olması ilə bağlı bildirişlər ölkə hüdudlarından kənardan daxil olub, Gürcüstanın yetkinlik yaşına çatmamış vətəndaşının telefon nömrəsi göstərilib- bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin bəyanatında deyilir.

“Cari ilin yanvarın 21-də Batumi şəhərinin müxtəlif yerlərində mümkün partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlı bildirişlər daxil olub.

Daxil olan bildirişlərlə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin terrorla mübarizə bölmələri və Daxili İşlər Nazirliyi tərəfindən Batumi şəhərinin ticarət mərkəzlərində və təhsil müəssisələrində xüsusi tədbirlər həyata keçirilib, partlayıcı maddə və ya qurğu aşkar edilməyib.

Bu mərhələdə əldə edilən operativ məlumatların təhlilinə əsasən, partlayıcı qurğuların yerləşdirilməsi barədə bildirişlər ölkə hüdudlarından kənardan göndərilib və məqsədyönlü şəkildə Gürcüstanın yetkinlik yaşına çatmamış vətəndaşının istifadə etdiyi mobil telefon nömrəsi göstərilib” – DTX-dan bildiriblər.

Terrorçuluq haqqında yalan məlumat vermək faktı üzrə cinayət işi ilə bağlı istintaq aparılır.

DTX-dan verilən məlumata əsasən, cari əməliyyat-istintaq tədbirləri çərçivəsində, bildirişlərin təşəbbüskarının müəyyən edilməsi məqsədilə yardım üçün tərəfdaş ölkələrin qurumları məlumatlandırılıb.

“Bundan əlavə, ictimaiyyətin nəzərinə çatdırmaq istəyirik ki, 2023-cü ilin dekabrın 30-da və cari ilin yanvarın 17-də “Galleria Tbilisi”də terror hücumu ilə bağlı yalan bildirişlər xaricdən daxil olub və bu, müxtəlif ölkələr, o cümlədən Gürcüstandan da azyaşlıların qoşulduğu beynəlxalq şəbəkə oyunlarla əlaqəlidir.

Həmçinin, bəhsi keçən bildirişlərin təşəbbüskarları kimi xaricdəki konkret şəxslər qrupu müəyyən edilib. Faktla əlaqədar müvafiq xüsusi tədbirlər görülüb.

Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi tərəfindən iş üzrə istintaq aparılır”- DTX-nın bəyanatında deyilir.