Dövlət məktəblərinin infrastrukturunun inkişafı prosesinin əlaqələndirilməsi məqsədilə idarələrarası komissiyanın növbəti iclası keçirilib
Dövlət məktəblərinin tikintisi və reabilitasiyası proseslərinin əlaqələndirilməsi məqsədilə idarələrarası komissiyanın növbəti iclası keçirilib.
İclasda Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze, infrastruktur naziri Revaz Soxadze və regional inkişaf naziri Kaxaber Quledani iştirak ediblər.
İclas iştirakçıları ölkə üzrə məktəblərdə aparılan tikinti və bərpa işlərinin gedişini müzakirə edib, mövcud problemləri nəzərdən keçirərək onların həlli üçün müvafiq tövsiyələr hazırlayıblar.
Müzakirələr zamanı infrastruktur layihələrinin icra keyfiyyəti və onların vaxtında həyata keçirilməsi ilə bağlı məsələlərə də toxunulub.
Komissiyanın iclasında həmçinin komissiyanın həmsədrləri – təhsil, elm və gənclər nazirinin birinci müavini Levan Ğirsiyaşvili və nazir müavini Tamar Maxaraşvili, infrastruktur nazirinin müavini Mzia Giorqobiani, regional inkişaf nazirinin müavini Zaza Kvitsiani iştirak ediblər.
İclasda, həmçinin məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə nazirinin müavini İrine Tsakadze, Quria bölgəsində dövlət nümayəndəsi Giorgi Ğurcumelidze, Raça-Leçxumi və Kvemo Svaneti bölgəsində dövlət nümayəndəsi Papuna Marqvelidze, eləcə də Bələdiyyələrin İnkişaf Fondunun icraçı direktoru Giorgi Şonia da iştirak edib.
Məlumatı Təhsil Nazirliyinin mətbuat xidməti yayıb.