Dövlət Təhlükəsizliyi Xidməti - Rusiyanın işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılan Xacarat Axvlediani və Qiorqi Romelaşvili sərbəst buraxılıblar
Rusiyanın işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılan Xacarat Axvlediani və Qiorqi Romelaşvili sərbəst buraxılıblar və mərkəzi hakimiyyət tərəfindən nəzarət olunan ərazidədirlər – bu haqda Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayır.
DTX-nın məlumatına əsasən, Xacarat Axvlediani və Qiorqi Romelaşvilinin azad edilməsi prosesində Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyasının (EUMM) birbaşa iştirakı ilə fəaliyyət göstərən “qaynar xətt” mexanizmi, eləcə də mərkəzi hakimiyyətin malik olduğu bütün mühüm vasitələrdən istifadə edilib. Gürcüstanın mərkəzi hakimiyyəti mütəmadi olaraq beynəlxalq tərəfdaşlara məlumat verirdi.
“Gürcüstanın mərkəzi hakimiyyəti tərəfindən məsələ Cenevrə Beynəlxalq Müzakirələri (GID) və İnsidentlərin Qarşısının Alınması və Cavab Mexanizmi (IPRM) formatları çərçivəsində ciddi şəkildə qaldırılıb.
Gürcüstanın işğal olunmuş bölgələrində və işğal xətti boyunca törədilən bütün destruktiv hərəkətlərə görə məsuliyyət işğalçı qüvvənin üzərinə düşür.
Mərkəzi hakimiyyət beynəlxalq tərəfdaşlarla birlikdə işğal olunmuş ərazilərdə qanunsuz həbsdə olan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün aktiv şəkildə işləməyə davam edir” – qurumun məlumatında qeyd olunub.