Dövlət Folklor Mərkəzində Gürcüstanda yaşayan azərbaycanlıların ənənəvi musiqi gecəsi keçirilib
Dövlət Folklor Mərkəzində Gürcüstanda yaşayan azərbaycanlıların ənənəvi musiqi gecəsi keçirilib

 
Dövlət Folklor Mərkəzində “Aşıq adət-ənənələri və Gürcüstan azərbaycanlılarının folklor həyatı” layihəsi çərçivəsində Gürcüstanda yaşayan azərbaycanlıların “Saza and içirəm” adlı ənənəvi musiqi gecəsi keçirilib.

Layihə Gürcüstanın azərbaycandilli icmasının mədəniyyət və adət-ənənələrini yaxından tanımağa və populyarlaşdırmağa xidmət edir.

Musiqi gecəsində aşıq mahnıları, zurnaçılar ansamblının ifasında rəqs havaları, qadın repertuarından ənənəvi nümunələr səsləndirilib.

“İlk növbədə konsertin təşkilatçılarına təşəkkür etmək istəyirəm. Bildiyimə görə, Gürcüstanda yaşayan azərbaycanlılar üçün oxşar musiqili gecə ilk dəfədir keçirilir. Yaxşı olardı ki, gələcəkdə də Gürcüstanda yaşayan aşıqlar üçün oxşar musiqi gecələri keçirilsin”- deyə tədbirin iştirakçısı Gülayat Vəliqızı bildirib.

Qeyd edildiyi kimi, layihə 2023-cü ilin noyabr ayında bu ənənələrdən bəhs edən sənədli filmin təqdimatı ilə yekunlaşacaq.

“Folklor Mərkəzinin konsert zalı Gürcüstan azərbaycanlılarının ənənəvi musiqi gecəsinə ev sahibliyi edib. Gecənin təşəbbüskarı “Gürcüstan folkloru” qeyri-hökumət təşkilatıdır. Bu gecə “Aşıq adət-ənənələri və Gürcüstan azərbaycanlılarının folklor həyatı” adlı layihənin bir hissəsidir. Bu layihənin məqsədi etnik azərbaycanlıların musiqi ənənələrini araşdırmağa və populyarlaşdırmağa xidmət edir. Layihənin dəstəkçiləri “Açıq Cəmiyyət Fondu” və “Gürcüstan Folklor Dövlət Mərkəzi”dir. Layihəni bu ənənələrdən bəhs edən sənədli film yekunlaşdıracaq” – deyə tədbirin təşkilatçılarından biri, “Gürcüstan folkloru” qeyri-hökumət təşkilatının nümayəndəsi açıqlayıb.