Dövlət ağır həyat şəraitində olan 1000-ə yaxın ailəyə yeni yaşayış sahələri verəcək
Hökumət Administrasiyasında Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumətin iclası keçirilib.
Hökumət üzvləri üç məsələni müzakirə ediblər, bu məsələlər arasında evsiz, ağır həyat şəraitində olan çoxuşaqlı ailələrin məskunlaşdırılması üzrə hədəf dövlət proqramının təsdiq edilməsi haqqında Gürcüstan hökumətinin fərman layihəsi də olub.
Hökumət Administrasiyasının yaydığı məlumatda, proqram çərçivəsində ağır həyat şəraitində olan 1000-ə yaxın ailəyə dövlət tərəfindən yeni yaşayış sahələrinin veriləcəyi deyilir. Proqramın ümumi büdcəsi 50.000.000 lari təşkil edir.
Gürcüstan hökumətinin yaydığı məlumatda, proqramın məqsədinin sosial cəhətdən müdafiəsiz, evsiz çoxuşaqlı ailələrə dəstək olmaq və onlar üçün layiqli həyat şəraiti yaratmaq olduğu deyilir.
“Proqramın benefisiarı üç və daha çox azyaşlı uşağı olan, bütün üzvləri Sosial Xidmət Agentliyinin sosial cəhətdən müdafiəsiz ailələrin vahid məlumat bazasında qeydiyyatda olan ailə ola bilər. Üzvləri Məcburi Köçkünlərin, Ekomiqrantların və Dolanışıq Mənbələrinin Təminatı Agentliyinin vahid elektron məlumat bazasında qeydiyyatı olmayan ailələr proqramdan yararlana bilərlər. Həmçinin, evsiz ailə üzvü artıq dövlətdən yaşayış sahəsi və ya yaşayış sahəsinin satın alınması üçün müvafiq pul təzminatı almayıbsa. Bu və digər amilləri qiymətləndirdikdən sonra müvafiq komissiya ailələrin məskunlaşdırılması ilə bağlı qərar verəcək. Proqram 2025-ci ilin sonuna qədər davam edəcək. Ailələrin Gürcüstanın istənilən inzibati-ərazi vahidində məskunlaşdırılması həyata keçiriləcək”- Hökumət Administrasiyasının yaydığı məlumatda deyilir.