Donald Tramp – Ukraynaya yardımı hədiyyə olaraq deyil, kredit şəklində verməyi düşünürük
Biz Ukraynaya yardımın hədiyyə olaraq deyil, kredit şəklində verilməsini nəzərdən keçiririk, – bu barədə “Respublikaçılar Partiyası”nın prezidentliyə namizədi Donald Tramp ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson ilə görüşdən sonra bildirib.
“İndi biz milyardlarla dollar dəyərində hədiyyələr verməyə davam edirik və bu məsələni araşdırırıq. Lakin mənim üçün Avropanın daha fəal iştirak etməsi və vəsait ayırması daha vacibdir. Onlar münasib bir şey verməlidirlər, bu baş verməsə, çox üzücü olacaq, çünki bu, bizdən çox onları narahat edir”, – deyə Donald Tramp bildirib.
Bununla yanaşı, sabiq ABŞ prezidenti Consonun çox çətin şəraitdə “çox böyük iş” gördüyünü bildirir.
Tramp İsraildəki hazırkı vəziyyətdən danışıb və ABŞ prezidenti Co Baydeni tənqid edib.
“Oktyabrın 7-dən sonra İsraillə bağlı baş verənlər dünya müharibəsi ilə nəticələnə bilər. İki cümləni bir araya gətirə bilməyən prezidentimiz var. Səhnədən aşağı pilləkən tapa bilməyən prezidentimiz var. Bizim nə etdiyini bilməyən bir prezidentimiz var və biz dünya müharibəsində ola bilərik. “Bizim noyabrın 5-nə qədər yeddi aydan az vaxtımız var, lakin insanların bacarıqsız olduğu vaxt sonsuzdur”, – deyə Tramp bildirib.