Donald Tramp seçkilərdə qələbə çalması halında, İlon Maskın rəhbərlik edəcəyi hökumətin səmərəliliyi üzrə komissiya yaradacağını bildirir
Donald Tramp seçkilərdə qələbə çalması halında, İlon Maskın rəhbərlik edəcəyi hökumətin səmərəliliyi üzrə komissiya yaradacağını bildirir

 

Donald Tramp prezident seçkilərində qələbə çalması halında, İlon Maskın rəhbərlik edəcəyi hökumətin səmərəliliyi üzrə komissiya yaradacağını bildirir.

“Reuters” xəbər agentliyi mənbələrə istinadən xəbər verir ki, sabiq prezident öz köməkçiləri ilə birlikdə hökumətin səmərəliliyi üzrə komissiya ideyasını həftələr boyunca müzakirə edib.

Tramp, İlon Maskın sözügedən komissiyaya rəhbərlik etməyə razılıq verdiyini bildirib.

ABŞ-ın sabiq prezidenti komissiyanın necə işləyəcəyini dəqiqləşdirməyib, lakin qeyd edib ki, təsis edildikdən sonra altı ay ərzində o, “fırıldaqçılıq və qeyri-düzgün ödənişləri aradan qaldırmaq” planını işləyib hazırlayacaq.

“Mən bütün federal hökumətin tam maliyyə və əməliyyat auditinin aparılmasının, eləcə də hərtərəfli islahatlar üçün tövsiyələrin hazırlanmasının tapşırılacağı hökumətin səmərəliliyi üzrə komissiya yaradacağam. Birinci prioritet olaraq bu komissiya altı ay ərzində fırıldaqçılıq və qeyri-düzgün ödənişləri aradan qaldırmaq üçün fəaliyyət planı işləyib hazırlayacaq. Bu, bir trilyon dollara qənaət edəcək” – Donald Tramp bildirib.

Keçən ay podkastda danışan İlon Mask sabiq prezidentlə sözügedən məsələ ilə bağlı dialoq apardığını və bu komissiyada işləməkdə maraqlı olacağını bildirib.