Donald Tramp seçkilərdə qalib gəldikdən sonra and içməzdən əvvəl Ukraynada müharibəyə son qoyacağını deyir
Donald Tramp seçkilərdə qalib gəldikdən sonra and içməzdən əvvəl Ukraynada müharibəyə son qoyacağını deyir

ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə qalib gəldikdən sonra and içməzdən əvvəl Ukraynada müharibəyə son qoyacağını açıqlayıb.

Keçmiş ABŞ prezidenti Breitbart-a müsahibəsində deyib ki, o, rəsmi olaraq prezident kimi and içməkdənsə, seçilmiş prezident kimi Rusiya və Ukrayna arasında sülh danışıqları aparmağı planlaşdırır.

Tramp bildirib ki, o, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenskini tanıyır və noyabrın 5-də yenidən seçiləcəyi təqdirdə “ölüm” və “məhv”ə son qoymaq üçün sülh razılaşması əldə edə biləcəyinə inanır.

“Onlar dünyanın müəyyən hissəsinin strukturunu məhv edirlər. Mən bunun danışıqların nəticəsi olmasını və həyata keçirilməsini istəyirəm”, – Donald Tramp bildirib.

ABŞ prezidentliyinə namizəd bildirib ki, onun demokrat rəqibi vitse-prezident Kamala Harris müharibəni davam etdirəcək və Ukraynaya yüz milyardlarla ABŞ dolları tökməyə davam edəcək.

Trampın fikrincə, Harrisin səriştəsizliyi dünyanı qlobal müharibəyə sürükləyə bilər.

“Mən onun heç bir fikri olduğunu düşünmürəm. O, ümumiyyətlə, öhdəsindən gələ bilmir. Onun heç nə edəcəyini düşünmürəm. Düşünürəm ki, bu, sadəcə olaraq davam edəcək və milyonlarla insan öləcək. Onun buna imkanı yoxdur. Mən bunu etmək istəyirəm. Onların hər ikisi ilə həmişə çox yaxşı münasibətim olub və düşünürəm ki, çox yaxşı vəziyyətdəyəm”, – deyə Donald Tramp bildirib.