Donald Tramp sabah Nümayəndələr Palatasının respublikaçı üzvləri ilə görüşəcək
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp sabah Nümayəndələr Palatasının respublikaçı üzvləri ilə görüşəcək. Bu barədə Nümayəndələr Palatasının sədri Mayk Conson ABŞ Konqresinin digər respublikaçı liderləri ilə Kapitolinin qarşısında danışıb.
Consonun bildirdiyinə görə, görüşmək arzusunu Donald Tramp özü bildirib.
“Prezident Tramp Ağ Evdə prezident Baydenlə görüşəcək. O, həmçinin, gəlib Konqresin Respublikaçı üzvləri ilə görüşmək istəyir”, – Conson bildirib və görüşün Donald Trampın Ağ Evə gəlməmişdən əvvəl baş tutacağını əlavə edib.
Məlumat üçün bildirək ki, Konqresin yeni tərkibi yanvarın 3-də fəaliyyətə başlayır və Tramp administrasiyası səlahiyyətinin icrasını rəsmi olaraq yanvarın 20-də başlayacaq.