Donald Tramp deyir ki, NATO üzvü olan ölkələr müdafiəyə ÜDM-in beş faizini xərcləməlidir
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp deyib ki, NATO üzvü olan ölkələr ümumi daxili məhsullarının beş faizini müdafiəyə xərcləməlidirlər. Tramp bu barədə Mar-a-Laqo iqamətgahında keçirdiyi mətbuat konfransında bildirib.
Donald Tramp qeyd edib ki, məhz birinci prezidentliyi dövründə alyansın müdafiə xərclərini artırmağa nail olub. Onun sözlərinə görə, Avropa ABŞ-la müqayisədə daha az xərcləsə də, daha böyük təhlükə ilə üz-üzədir.
Bundan əlavə, Trampın qeyd etdiyi kimi, ilk prezidentlik mandatı zamanı baş nazirlərdən biri NATO liderləri ilə qapalı görüşdə belə bir sual verdi:
“Əgər bir ölkə ÜDM-nin iki faizini müdafiəyə xərcləməsə, ABŞ hücum zamanı bu ölkəni müdafiə etməkdən imtina edəcəkmi?
Mən dedim ki, bu rəqəm iki faiz deyil, beş faiz olmalıdır, halbuki o vaxt limit iki faiz müəyyən edilmişdi”. – Tramp bildirib.