Donald Tramp bildirib ki, Qəzzada girovlar yanvarın 20-nə qədər azad edilməsə, “Yaxın Şərqdə cəhənnəm dağılar”
ABŞ-ın seçilmiş prezidenti Donald Trampın sözlərinə görə, Qəzzada girovlar onun andiçmə mərasiminə qədər, yəni yanvarın 20-dək azad edilməsə, “Yaxın Şərqdə cəhənnəm qopacaq”.
“Həmas üçün yaxşı olmayacaq və açığını desəm, heç kimə yaxşı olmayacaq”. Cəhənnəm dağılacaq. Əlavə nəsə deməyə ehtiyac yoxdur, amma reallıq budur”. – Tramp jurnalistlərlə danışarkən deyib və qeyd edib ki, “Həmas”ın İsrailə hücumu “heç vaxt baş verməməli idi”.
Eyni zamanda, Trampın öz administrasiyasında Yaxın Şərq üzrə xüsusi nümayəndə vəzifəsinə təyin etdiyi Stiv Vitkoff görüşdə Qəzzada girovların azad edilməsi ilə bağlı danışıqların “əhəmiyyətli irəliləyiş” əldə etdiyini bildirib.
“Həqiqətən ümid edilir ki, andiçmə mərasimi üçün prezidentin adından xoş xəbəri elan etmək imkanımız olacaq. Bu danışıqları aparan prezident, onun reputasiyası və dediyi sözlərdir. Beləliklə, ümid edirik ki, hər şey yaxşı bitəcək və bəzi insanların həyatını xilas edəcəyik”, – deyə Vitkoff bildirib.