Doqquz ictimai təşkilat Gürcüstan hakimiyyəti tərəfindən Avropa İttifaqının 12 şərtinin yerinə yetirilməsi vəziyyətini qiymətləndirir
Doqquz ictimai təşkilat Gürcüstan hakimiyyəti tərəfindən Avropa İttifaqının 12 şərtinin yerinə yetirilməsi vəziyyətini qiymətləndirir.
“Açıq Cəmiyyət Fondu”nun yaydığı məlumatda qeyd olunduğu kimi, 2023-cü ilin iyunun 20-dən avqustun 1-dək olan dövrdə mövcud vəziyyəti əks etdirən beşinci qiymətləndirmə sənədi – statusmetr hazırlanıb. Bundan başqa, sənəddə Gürcüstanın namizəd statusu alması üçün iqtidarın atmalı olduğu addımlardan bəhs edilir.
İctimai təşkilatların nümayəndələrinin qiymətləndirməsinə əsasən, qeyd olunan dövrdə bir şərt tam yerinə yetirilib, iki şərt böyük ölçüdə yerinə yetirilib, yeddi şərt qismən yerinə yetirilib, Avropa İttifaqının iki şərti (deoliqarxizasiya və depolarizasiya) hələ də yerinə yetiriləsidir.
“Statusmetrin əvvəlki hesabatları da aydın şəkildə göstərdi ki, vətəndaş cəmiyyətinin qiymətləndirmələri 2023-cü ilin 22 iyun tarixində Avropa İttifaqı tərəfindən təqdim olunan şifahi aralıq qiymətləndirməsinə böyük ölçüdə uyğundur. Şərtlərin yerinə yetirilməsi baxımından 2023-cü ilin iyunun 20-dən avqustun 1-dək olan müddətdə müstəqil media və vətəndaş cəmiyyətinin qərarların qəbulu prosesinə cəlb edilməsi baxımından kiçik irəliləyiş müşahidə olunub. Birinci kontekstdə prezident Nika Qvaramianı əfv edib, digər tərəfdən isə bir sıra qanun layihələrinin hazırlanması prosesində hakimiyyət vətəndaş cəmiyyətinin müəyyən tövsiyələrini nəzərə alıb. Statusmetr Aİ təsisatlarının, üzv dövlətlərin, vətəndaş cəmiyyətinin və siyasi qrupların gözləntilərini birləşdirir.
Sənəddə “Açıq Cəmiyyət Fondu”, “Demokratiya Araşdırmaları İnstitutu”, “Məhkəmənin Keşikçisi”, “Gürcüstanın Demokratik Təşəbbüsü”, “Gürcüstanın Strategiya və Beynəlxalq Münasibətlərin Tədqiqatı Fondu”, “İdarəetmənin Monitorinqi Mərkəzi”, “Gürcüstanın İslahatlar Assosiasiyası, “İnsan Haqları Naminə Tərəfdaşlıq”, “Sapari” təşkilatlarının qiymətləndirmələri bir araya gətirilib. Faktiki olaraq, hakimiyyətin bu tarixi fürsətdən istifadə etməsi və Avropa Komissiyasının müəyyən etdiyi bütün şərtləri yerinə yetirməsi üçün iki ay qalır. İctimai təşkilatların nümayəndələri hakimiyyətin 12 şərti yerinə yetirməsinin gedişatını qiymətləndirməyə və bu qiymətləndirmələri Gürcüstan vətəndaşları ilə bölüşməyə davam edirlər. Çünki Avropa İttifaqına qoşulmaq məhz gürcü xalqının dönməz seçimidir” – deyə yayılmış məlumatda deyilir.