Dmitri Peskov – “Böyük İyirmilik” sammiti çərçivəsində Vladimir Putin və Volodimir Zelenskinin görüşü qeyri-mümkündür, Vladimir Putin Zelenski ilə yalnız Moskvada görüşməyə hazırdır
Mayamidə, “Böyük İyirmilik” sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü qeyri-mümkündür, – bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
Bundan əvvəl Ukrayna Prezidenti bildirib ki, əgər Rusiya Prezidenti də sammitdə iştirak edərsə, Mayamidə G20 sammitinə getməyə və Putinlə görüşməyə hazırdır, lakin Dmitri Peskov bu ehtimalı rədd edərək bunu “qeyri-mümkün” adlandırıb.
Kremlin Zelenski ilə görüş üçün başqa, alternativ məkan nəzərdən keçirib-keçirmədiyinə dair suala cavab olaraq Peskov Vladimir Putinin Volodimir Zelenski ilə yalnız Rusiyanın paytaxtı Moskvada görüşməyə hazır olduğunu qeyd edib.
“Onunla Moskvada görüşmək hazırlığı mövcuddur”, – Vladimir Putinin mətbuat katibi qeyd edib.