Dmanisi meri, Şahmarlı kəndində zəlzələ nəticəsində zərər görmüş evin vəziyyətini komissiyanın öyrənəcəyini, bundan sonra da ailənin zərərinin ödəniləcəyini bildirir
Dmanisi meri, Şahmarlı kəndində zəlzələ nəticəsində zərər görmüş evin vəziyyətini komissiyanın öyrənəcəyini, bundan sonra da ailənin zərərinin ödəniləcəyini bildirir

 

Fevralın 13-də Gürcüstanda baş vermiş zəlzələ nəticəsində Dmanisi munisipalitetinin Şahmarlı kəndində Şaban Qocayevin yaşayış evinin divarı uçub. Həmçinin bir neçə kəndə elektrik enerjisinin verilməsi müvəqqəti olaraq dayandırılıb.

Dmanisi Munisipalitetinin meri Koba Muradaşvili Şahmarlı kəndində olub. Onun sözlərinə görə, komissiya evin dayanıqlığını və dəymiş ziyanı öyrənəcək, bundan sonra da ailəyə dəymiş ziyan ödəniləcək.

” Tbilisi vaxtı ilə saat 22:25-də Dmanisi munisipalitetində güclü zəlzələ qeydə alınıb. Seysmoloji Mərkəzdən bizə verilən məlumata görə, zəlzələnin maqnitudası təxminən 6,2 bal gücündə olub. Bu mərhələdə müşahidə etdiyimiz Dmanisi Munisipalitetinin Şahmarlı kəndində Şaban Qocayevin ailəsində evin divarının uçmasıdır. Biz evin hazırkı dayanıqlığını öyrənmişik, müvafiq komissiya yaradılıb və biz mütləq dəymiş ziyanı ödəyəcəyik” – deyə Koba Muradaşvili bildirib.

Fevralın 13-də Tbilisi vaxtı ilə saat 22:25-də Gürcüstanda 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Sameba kəndi yaxınlığında olub.