DİN - Türkiyənin Adıyaman şəhərində 100 gürcü yanğınsöndürən-xilasedicisi xilasetmə əməliyyatlarını 24 saatlıq rejimdə davam etdirir

Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəetmə Xidmətinin yanğınsöndürən-xilasediciləri Türkiyə Cümhuriyyətində baş vermiş zəlzələnin nəticələrinin ləğvi və xilasetmə tədbirlərində iştirakını davam etdirirlər. Məlumatı DİN yayır.

DİN-in məlumatına görə, gürcü yanğınsöndürən-xilasediciləri dünən Türkiyədə, Adıyaman şəhərində zəlzələnin nəticələrinin aradan qaldırlması tədbirləri zamanı xarabalıqlardan daha bir sağ insanı çıxardılar. Onu ən yaxın xəstəxanaya çatdırdılar.

“Eyni zamanda Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəetmə Xidmətinin 40 yanğınsöndürən-xilasedicisi artıq Türkiyə Cümhuriyyətinə getdi. Gürcü yanğınsöndürən-xilasediciləri əsas qrupa Adıyaman şəhərində qoşuldular. Gürcüstanın xilasedici qruplarının effektiv fəaliyyəti üçün hadisə yerində Adıyaman şəhərinin operativ idarəetmə mərkəzi ilə koordinasiyada olan səhra qərargahı yaradılıb. Gürcüstanın baş naziri, İrakli Ğaribaşvilinin qərarına əsasən, Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəetmə Xidməti Türkiyədə xilasetmə əməliyyatına dərhal cəlb edildi. Türkiyənin Adıyaman şəhərində 100 gürcü yanğınsöndürən-xilasedicisi xilasetmə əməliyyatlarında 24 saatlıq rejimdə işləyir”, – məlumatda deyilir.