DİN Tbilisidə xüsusilə külli miqdarda narkotik vasitə aşkarlayıb, 4 xarici ölkə vətəndaşı saxlanılıb
Tbilisidə xüsusilə külli miqdarda narkotik vasitə aşkarlanıb, 4 əcnəbi saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Tbilisi Baş İdarəsinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına şərait yaratmaq ittihamı ilə xarici ölkələrin 4 vətəndaşını müxtəlif vaxtlarda saxlayıblar.
Nazirliyin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərin üzərində, yaşadıqları mənzillərdə və avtomobillərində aparılan axtarışlar zamanı, eləcə də müxtəlif ünvanlardan maddi sübut kimi satış üçün hazırlanmış xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr aşkar edərək götürüblər. Onların arasında “Metadon”, “Alfa-PVP”, “Tebain”, “Kodein”, “Morfin” və qurudulmuş marixuana olub.
Polis tərəfindən narkotik vasitələrin qablaşdırılması üçün istifadə olunan materiallar da müsadirə edilib.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260¹-ci maddələri üzrə aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.