DİN - Kutaisidə Gürcüstan Bankının filialında 12 nəfər girov olaraq qalır, onların tez və təhlükəsiz şəkildə sərbəst buraxılması üçün bütün lazımi tədbirlər görülür
Daxili İşlər Nazirliyi tərəfindən verilən məlumatda, Kutaisidə Gürcüstan Bankının filialında 12 nəfərin girov olaraq qaldığı deyilir.
DİN-in açıqlamasında qeyd olunduğu üzrə, hüquq-mühafizə orqanlarının əməkdaşları onların tez və təhlükəsiz şəkildə sərbəst buraxılması üçün bütün lazımi tədbirləri görür.
“Daxili İşlər Nazirliyinin müvafiq bölmələrinin əməkdaşları Kutaisidə, Şota Rustaveli prospektinə səfərbər olunublar və əməliyyat-istintaq tədbirlərini həyata keçirirlər.
Gürcüstan Bankının filiallarından birinə basqın, terror aktı, terror məqsədi ilə girov götürmə və qanunsuz silah-sursat əldə etmə, saxlama və gəzdirmə faktı ilə bağlı istintaq başladılıb.
Əməliyyat-istintaq tədbirləri nəticəsində silahlı şəxsin Kutaisidə Şota Rustaveli prospektində yerləşən Gürcüstan Bankının filialına basqın etdiyi və külli miqdarda pul əldə etmək məqsədilə bir neçə nəfəri girov götürdüyü müəyyən edilib.
Hazırda binada 12 nəfər girov olaraq qalır. Hüquq-mühafizə orqanlarının əməkdaşları onların tez və təhlükəsiz şəkildə sərbəst buraxılması üçün bütün lazımi tədbirləri görürlər.
Daxili İşlər Nazirliyi media nümayəndələrini və vətəndaşları təhlükəsizlik qaydalarına əməl etməyə, polis əməkdaşlarının göstərişlərinə yerindəcə tabe olmağa çağırır.
Baş vermiş faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 144, 236, 323 və 329-cu maddələri ilə istintaq aparılır” – deyə açıqlamada deyilir.