DİN-in Mühafizə Polis İdarəsinin iki əməkdaşı da daxil olmaqla 8 nəfər oğurluq ittihamı ilə saxlanılıb
Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyinin əməkdaşları bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədilmiş oğurluğa görə DİN-in Mühafizə Polis İdarəsinin iki əməkdaşı da daxil olmaqla 8 nəfəri saxlayıblar. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayır.
Nazirlikdən verilən məlumatda cinayətin dörd ildən yeddi ilədək müddətə həbs cəzasını nəzərdə tutduğu deyilir.
“İstintaqla təqsirləndirilən şəxslərin xüsusi olaraq quraşdırılmış nasos vasitəsilə Tbilisidə dəmir yolunun çeşidləyici vaqon parkında yerləşən şirkətlərdən birinə məxsus vaqon çənlərindən külli miqdarda yanacaq oğurladıqları müəyyən edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılmış axtarış nəticəsində 87 ədəd 20 litrlik kanistrlərə doldurulmuş təxminən bir ton yarım yanacaq maddi sübut kimi götürülüb. Həmçinin 127 ədəd 20 litrlik boş kanistr götürülüb.
Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədilmiş oğurluq faktı üzrə Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin üçüncü hissəsinin “a” yarımbəndi ilə istintaq aparılır”-deyə məlumatda qeyd olunub.