DİN fahişəliyin təşkili və fahişəlik üçün yer verilməsi ittihamı ilə 14 nəfəri saxlayıb, 9 obyekt möhürlənib

11:55, 19.06.2026

Tbilisi və Kutaisidə 14 nəfər saxlanılıb, 9 obyekt möhürlənib

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları Baş Prokurorluqla birgə, məhkəmə qərarı əsasında Tbilisi və Kutaisidə keçirilən polis əməliyyatı nəticəsində fahişəliyin təşkili və fahişəlik üçün yer verilməsi ittihamı ilə 14 nəfəri saxlayıblar və 9 obyekt möhürlənib.

Nazirliyin məlumatına görə, saxlanılanlar arasında Gürcüstan, Çin və Tayland vətəndaşları var.

“Bu cinayət işi üzrə hüquq-mühafizə orqanları onlarla kompleks istintaq hərəkəti həyata keçirib, o cümlədən gizli audio və video yazılar aparılıb və bunun əsasında təqsirləndirilən şəxslərin cinayət fəaliyyəti təsdiqlənib.

İstintaqla müəyyən edilib ki, obyekt sahibləri və administratorları öz sərəncamlarında olan yerlərdə xarici ölkə vətəndaşlarını işə cəlb edərək fahişəliyə şərait yaradıblar. Onlar Tbilisi və Kutaisidə yerləşən sahələri müəyyən məbləğ qarşılığında mütəmadi olaraq fahişəlik məqsədilə təqdim ediblər.

Toplanmış sübutlarla həmçinin müəyyən olunub ki, təqsirləndirilən şəxslər fahişəliyə cəlb olunan qadınlara müştəri tapmaqda da kömək ediblər və əldə edilən gəlirin bir hissəsini özləri də götürüblər.

Sübutlara əsasən, obyektlərin əsas gəliri fahişəliyin təşkili və dəstəklənməsi hesabına əldə olunub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 254-cü maddəsinin 1-ci və 2-ci hissələri üzrə istintaq aparılır və bu maddə 4 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur,” – deyə DİN-in məlumatında bildirilir.

Oxşar