DİN - Borcomidə yanğının əsas hissəsi söndürülüb, yanğının yayıldığı ərazinin monitorinqi davam edir
Borcomi Munisipalitetində yanğının operativ idarəetmə qərargahına rəhbərlik edən Gürcüstanın daxili işlər nazirinin müavini, İoseb Chelidze Fövqəladə Halların İdarəedilməsi Xidmətinin rəhbəri Temur Mğebrişvili ilə birgə işgüzar tədbir keçirib.
DİN-dən verilən məlumatda, nazir müavini və Fövqəladə Halların İdarəedilməsi Xidmətinin rəhbərinin yanğının yayıldığı ərazidə aparılan lokallaşdırma-likvidasiya işlərini yekunlaşdırdığı və bölgədəki vəziyyəti qiymətləndirdikləri bildirilir.
“Son məlumatlara əsasən, Borcomi Munisipalitetində yanğının yayıldığı hər üç sektorda yanğın ocaqlarının 90%-i söndürülüb, qalan 10%-də isə aktiv yanğınsöndürmə işləri davam etdirilir. Bununla yanaşı, sektorlar üzrə monitorinqlər davam edir.
Artıq yeddinci gündür Daxili İşlər Nazirliyinin əməkdaşları Borcomi Munisipalitetində yanğınla mübarizə aparırlar. Yüzlərlə yanğınsöndürən və xilasedici ilə yanaşı, Daxili İşlər Nazirliyinin müxtəlik şöbələrinin, Müdafiə Nazirliyinin, Regional İnkişaf və İnfrastruktur nazirliyinin eləcə də Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq xidmətlərinin əməkdaşları bütün növ yanğın söndürmə texnikası, Sərhəd Polisinin 4 helikopteri və Türkiyə Respublikasının üç ixtisaslaşmış yanğınsöndürmə təyyarəsi ilə aktiv, kordinasiya olunmuş şəkildə yanğının söndürülməsi prosesində iştirak edirlər.
Borcomi vadisində profilaktika məqsədilə həm yanğınsöndürmə, həm də sərhəd aviasiyası, eləcə də yanğınsöndürən-xilasedicilər və müxtəlif nazirliklərin əməkdaşları bölgədə qalaraq, işləri davam etdirirlər” – deyə Daxili İşlər Nazirliyindən bildirilib.