Dik Durbin - Rusiyanın Ukraynaya təcavüzü və Ukrayna xalqının şücaəti bir çox xalqları birləşdirdi, Gürcüstan da buna qoşulur, Aİ-yə üzvlük üçün müraciət etmək bu səylərin bir hissəsidir və biz bunu dəstəkləyəcəyik
Rusiyanın Ukraynaya əsassız, ədalətsiz təcavüzü və Ukrayna xalqının şücaəti bir çox Avropa xalqını birləşdirdi, Gürcüstan da buna qoşuldu və onun Aİ-yə üzvlük müraciəti bu səylərin bir hissəsidir, biz bu səyləri dəstəkləyəcəyimizə söz veririk-bu barədə Gürcüstanda olan amerikalı senator Dik Durbin bugünkü mətbuat konfransında bildirib.
O, gürcü xalqının Ukraynaya kömək etmək üçün addımlarını qiymətləndirdiklərini bildirib.
“Biz buraya Münhen Beynəlxalq Konfransından gəlmişik və qeyd etmək istəyirəm ki, bu il çox böyük iştirak var idi, xüsusən də konqresmenlərimiz və senatorlarımız bu konfransda misli görünməmiş sayda iştirak etdilər. NATO alyansı ilə bağlı müxtəlif məsələlər müzakirə edilirdi və Ukraynaya kömək, bu təcavüzü dəf etmək üçün onlara necə kömək edə bilərik və s. diqqət yetirilən məsələlər arasında idi. Rusiyanın Ukraynaya qəddarcasına müdaxiləsindən düz bir il sonra və onu qeyd etmək üçün, belə demək mümkünsə, Prezident Bayden gözlənilmədən Ukraynaya, Kiyevə səfər etdi və bu, bizim Ukraynanın azadlığına güclü dəstəyimizin növbəti ifadəsi idi.
Biz gürcü xalqının Ukraynaya kömək etmək üçün addımlarını qeyd etmək və qiymətləndirmək istəyirik, birincisi ukraynalıların özlərinin tələbi olan generatorlarla təmin etmək, bu onlara lazım idi, eləcə də ukraynalı qaçqınları qəbul etmək. Bu gün onlardan biri ilə görüşmək fürsətimiz oldu və o, bizə Rusiyanın bu cür aqressiv və qəddar hücumları nəticəsində ailəsinin başına gələnlər haqqında həqiqətən ürəkağrıdan hekayələr danışdı.
Rusiyanın Ukraynaya əsassız, ədalətsiz təcavüzü və Ukrayna xalqının şücaəti, müqavimət göstərməsi bir çox Avropa xalqını birləşdirdi, Gürcüstan da buna qoşuldu və onun Aİ-yə üzvlük müraciəti bu səylərin bir hissəsidir. Biz öz tərəfimizdən bu səyləri dəstəkləyəcəyimizə söz veririk. Mən üçüncü dəfədir Gürcüstandayam və ümid edirəm ki, gələcəkdə qayıdacağam. Mən hər dəfə müxtəlif çağırışlara, düşmənə, ərazilərin zəbt edilməsinə, müxtəlif təxribatlara qarşı mətanətlə dayanan və inkişafa böyük həvəs göstərən gözəl gürcü xalqından mütəəssir və heyran oluram” -deyə Dik Durbin açıqlayıb.