Diğmura çayı üzərində yerləşən Qriqori Topçişvili adına körpüdə ağır tonnajlı nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Saburtalo rayonunun Tetri Dukani küçəsi və Diğmura çayı üzərində yerləşən Qriqori Topçişvili adına körpüdə ağır tonnajlı nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Məlumatı Tbilisi Meriyası yayır.
Onların verdiyi məlumata əsasən, Tbilisi Meriyasının İnfrastrukturun İnkişafı üzrə Şəhər Xidməti tərəfindən aparılmış monitorinq nəticəsində, mütəxəssislərin tövsiyəsi ilə Diğmura körpüsü-yerüstü keçidində bu mərhələdə ağır tonnajlı avtomobillərin hərəkəti məqsədəuyğun deyil. Bu məhdudiyyət yüngül avtomobillərə şamil edilmir.
“Körpüdə tətbiq edilən məhdudiyyətə görə, cari ilin sentyabrın 3-ü saat 00:00-dan etibarən sözügedən körpüdən Vaso Qodziaşvili küçəsinin kəsişməsinə qədər Petre Saracişvili küçəsində hərəkət müvəqqəti olaraq ikitərəfli mümkün olacaq, hündürlüyü 2,8 metrdən çox olan nəqliyyat vasitələrinin körpüdən keçməsi məhdudlaşdırılacaq. Onlar Marşal Qelovani ilə Muxran Macavarianini birləşdirən yeni yoldan istifadə edərək, Vaso Qodziaşvili küçəsindən keçərək sola dönməklə Petre Saracişvili küçəsi istiqamətində hərəkət edə biləcəklər.
Təhlükəsizlik məqsədilə ictimai nəqliyyatın hərəkət sxemi də dəyişəcək. Xüsusilə qeyd olunan məhdudiyyətlər dövründə avtobusun N327, N367, N389 marşrutları Vaşlicvari istiqamətində hərəkət edərkən Marşal Qelovani prospektindən sağa dönərək Petre Saracişvili küçəsinə qoşulacaq, bundan sonra onlar müəyyən edilmiş sxem əsasında Qodziaşvili küçəsində hərəkətlərini davam etdirəcəklər. Tbilisi Meriyası yaranmış narahatlığa görə üzr istəyir” – Tbilisi Meriyasının məlumatında qeyd olunub.