Dezertirlər bazarı və stansiya meydanı yaxınlığında küçə ticarəti ilə məşğul olanların icazəsiz konstruksiyaları yığışdırılıb
Tbilisinin Munisipal Təftiş Xidmətinin əməkdaşları, Dezertirlər bazarı və stansiya meydanı yaxınlığında küçə ticarəti ilə məşğul olanların icazəsiz konstruksiyalarını yığışdırıblar. Məlumatı Tbilisi meriyası yayır.
İdarənin məlumatına görə, Tsabadze, Tevdore Mğvdeli, Abastumani, Tsinamdzğvrişvili küçələrində, həmçinin Tsereteli və Tamar Mepe prospektlərinin bir hissəsində ərazi təmizlənib. Ərazi “Tbilservis Group” MMC-nin əməkdaşları tərəfindən təmizlənib, sonra küçə və səkilər xüsusi köpüklə yuyulub.
“Munisipal Təftiş Xidməti əvvəlcədən bir neçə dəfə küçə ticarəti ilə məşğul olanlara icazəsiz sahibkarlıq fəaliyyətini dayandırmaları barədə xəbərdarlıq edib. Küçə ticarəti ilə məşğul olanlar yaxınlıqdakı bazarlarda xüsusi ayrılmış ticarət yerlərinə keçmək imkanı əldə edəcəklər. Onlar xüsusi əlverişli şəraitdən yararlanacaqlar” – deyə meriyadan bildirilib.