Dekabrın 12-də Brüsseldə Gürcüstanın xarici işlər nazirinin də iştirak edəcəyi "Şərq Tərəfdaşlığı"nın ministerialı keçiriləcək
Dekabrın 12-də Brüsseldə Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvilinin də iştirak edəcəyi “Şərq Tərəfdaşlığı”nın ministerialı keçiriləcək.
“Şərq Tərəfdaşlığı” ministerialından sonra isə Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri Avropa İttifaqı Xarici İşlər Şurasının iclası formatında işləməyə davam edəcəklər.
Avropa İttifaqı Şurasının məlumatında Gürcüstan, Moldova, Ukrayna, Azərbaycan və Ermənistanın, yəni “Şərq Tərəfdaşlığı”nda iştirak edən ölkələrin xarici işlər nazirlərinin Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri ilə görüşəcəkləri deyilir.
Ənənəvi olaraq, ministeriala Avropa İttifaqının Xarici və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borrell sədrlik edəcək. Görüşdə Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi də iştirak edəcək. Avronest Parlament Assambleyası, Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının da müzakirələrdə iştirak etmək imkanı olacaq.
Müzakirənin məqsədi “Şərq Tərəfdaşlığı”nın gələcəyini, həmçinin Rusiyanın Ukraynaya təcavüzünün təsirlərini və regionda yaranmış təhlükəsizlik çağırışlarını müəyyən etmək olacaq.
Planlaşdırılan görüşlə bağlı Avropa İttifaqı Şurasının yaydığı məlumatda oxuyuruq ki, Avropa İttifaqının və “Şərq Tərəfdaşlığı”nın ministerialının iştirakçıları “Şərq Tərəfdaşlığı”nın regionda sabitliyin möhkəmlənməsini və rifahı necə təmin edə biləcəyi barədə fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər.
Nazirlər tərəfdaşlığın davamlılığını dəstəkləməyin ən yaxşı yolunun nə olmasını, Aİ və onun Şərq tərəfdaşlarının bir-birinə necə yaxınlaşa biləcəyini və bütövlükdə regionda qanunun aliliyi və islahatlar sahəsində irəliləyişin necə təmin edilməsini müzakirə edəcəklər. İştirakçılar həmçinin yaşıl və rəqəmsal transformasiya, eləcə də regionun sosial-iqtisadi dirçəlişi üçün ilkin vasitələrdən biri olan iqtisadi və investisiya planının tətbiqinin sürətləndirilməsini müzakirə edəcəklər.
“Şərq Tərəfdaşlığı” ölkələrinin nazirləri ilə görüş Aİ ministerialının gündəliyinin mövzularından biridir. Nazirlər Avropa İttifaqının Xarici İşlər Şurasının iclasında Ukrayna və İrandakı mövcud vəziyyəti müzakirə edəcəklər. Həmçinin Moldovada, cənub qonşuluqda və Tunisdə mövcud vəziyyətlə bağlı məlumat alacaqlar.