Gürcüstanın xarici işlər naziri David Zalkaliani Tbilisidə işgüzar səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, nazirlər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın cari gündəliyini, eləcə də regiondakı vəziyyəti müzakirə ediblər. Onlar iki ölkənin daha da yaxınlaşmasına və ölkələr arasında ticari-iqtisadi əlaqələrin genişlənməsinə töhfə verən Gürcüstan və Ermənistan arasında yüksək səviyyəli təmasların dinamikasını müsbət qiymətləndiriblər. Bu baxımdan, Nazirlər ölkələr arasında iqtisadi komissiyaların müntəzəm keçirilməsini müsbət qiymətləndirirlər. Söhbət zamanı Gürcüstanın baş nazirinin Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin edilməsi təşəbbüsündən danışılıb. Davit Zalkaliani erməni həmkarına Gürcüstanın işğal olunmuş regionlarında mövcud ağır humanitar və təhlükəsizlik mühiti barədə məlumat verib.
Bundan əlavə, tərəflər bu il Gürcüstan və Ermənistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunmasına diqqət çəkib və bu tarixin əhəmiyyətini vurğulayıblar.