Davit Zalkaliani Birləşmiş Krallığın Avropa və Şimali Amerika üzrə dövlət naziri ilə telefon danışığı aparıb
Gürcüstanın vitse-baş naziri, xarici işlər naziri Davit Zalkaliani Birləşmiş Krallığın Avropa və Şimali Amerika üzrə dövlət naziri Ceyms Kleverli ilə telefon danışığı aparıb. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayır.
Qurumun məlumatına görə, söhbət zamanı tərəflər Ukraynada davam edən müharibəni və Avropa təhlükəsizlik arxitekturası üçün mühüm çağırış olan kövrək geosiyasi mühiti müzakirə ediblər.
” Davit Zalkaliani Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən narahatlığını bildirib və beynəlxalq hüququn fundamental prinsiplərinin pozulmasına cavab olaraq beynəlxalq ictimaiyyətin konsolidasiya edilmiş və ardıcıl mövqeyinin vacibliyini vurğulayıb.
Böyük Britaniyanın dövlət naziri Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiyini bir daha təsdiqləyib. Ceyms Kleverli vurğulayıb ki, Böyük Britaniya Gürcüstanın üzləşdiyi problemləri aydın başa düşür və artan təhlükələr qarşısında ölkə tək deyil. Britaniya tərəfi həmçinin Gürcüstanın sülh və təhlükəsizliyə mühüm töhfə verən etibarlı tərəfdaş kimi rolunu xüsusi vurğulayıb.
Nazirlər 2008-ci ildə Rusiyanın Gürcüstana müdaxiləsi nəticəsində Gürcüstanın işğal olunmuş ərazilərində yaranmış ağır humanitar vəziyyəti müzakirə ediblər. Tərəflər qeyd ediblər ki, Kremlin Ukraynaya qarşı aqressiv hərəkətləri 2008-ci il müharibəsinin əks-sədası və Rusiyanın təsir dairələri uğrunda mübarizəsinin növbəti təzahürüdür.
Telefon danışığı zamanı tərəflər ikitərəfli strateji tərəfdaşlığın əhəmiyyətini vurğuladılar və gələcək əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd ediblər” -deyə XİN-nin məlumatında deyilir.