David Zalkaliani Kelli Deqnanla görüşüb
David Zalkaliani Kelli Deqnanla görüşüb

Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Davit Zalkaliani ABŞ-ın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Kelli Deqnan ilə görüşüb.

Gürcüstan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə regiondakı təhlükəsizlik mühiti, Ukrayna ətrafında cərəyan edən proseslər müzakirə edilib, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə güclü dəstək bir daha təsdiqlənib. Danışıqlarda ABŞ-Rusiya təhlükəsizlik dialoqu və ABŞ-ın bu prosesdə tərəfdaşlarla sıx əməkdaşlığı müzakirə edilib. David Zalkaliani ABŞ hökumətinə Rusiya ilə dialoq çərçivəsində sıx koordinasiyaya və Gürcüstanı dəstəklədiyinə görə təşəkkür edib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə Gürcüstan və ABŞ arasında hər iki ölkənin ümumi maraqları, eləcə də region və Avro-Atlantik təhlükəsizlik baxımından həlledici əhəmiyyət kəsb edən güclü strateji tərəfdaşlıq bir daha vurğulanıb.

Görüşdə vurğulanıb ki, Rusiyanın işğalına baxmayaraq, Gürcüstan ABŞ-ın dəstəyi ilə Avropa və Avroatlantik inteqrasiyanın, o cümlədən demokratik təsisatların və iqtisadi inkişafın gücləndirilməsi istiqamətində mühüm addımlar atıb.

Görüşdə ikitərəfli əməkdaşlığın cari gündəliyi də nəzərdən keçirilib.