David Songhulaşvili Qardabani bələdiyyəsində şərab və spirtli içkilər istehsalı müəssisəsini ziyarət edib

13:35, 09.06.2026

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri David Songhulaşvili Qardabani bələdiyyəsində şərab və spirtli içkilər istehsalı müəssisəsinə baxış keçirib.

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri David Songhulaşvili Kvemo Kartli bölgəsinin dövlət nümayəndəsi İlia Calaqaniy ilə birlikdə Qardabani bələdiyyəsində yerləşən “Marnaveli” şərabçılıq müəssisəsini ziyarət edib və müəssisənin fəaliyyəti ilə istehsal prosesini yerində tanış olub.

Nazir bildirib ki, Kvemo Kartliyə səfərin əsas məqsədi dövlət dəstəyi ilə yaradılmış müəssisələrin fəaliyyəti və kənd təsərrüfatının inkişafı istiqamətində əldə olunan nəticələrlə yerində tanış olmaqdır.

“Belə müəssisələrin mövcudluğu iş yerləri yaradır, yerli iqtisadiyyatı gücləndirir və Gürcü məhsullarının ixrac potensialını artırır. Regionlara səfərlər zamanı fermerlərlə görüşür, onların ehtiyac və problemlərini dinləyirik ki, dövlət dəstəyini daha effektiv edək. Güclü kənd və güclü fermer güclü ölkə və güclü iqtisadiyyat deməkdir,” – deyə David Songhulaşvili bildirib.

Məlumata görə, “Marnaveli” şərabçılıq müəssisəsi Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Kənd İnkişafı Agentliyinin benefisiarıdır. Şirkət istehsalın genişləndirilməsi məqsədilə dəfələrlə “Güzəştli Aqrokredit” proqramından istifadə edib.

Müəssisədə şərab və spirtli içkilərin istehsalı, qablaşdırılması və satışı həyata keçirilir. İstehsal prosesi üzümün qəbulundan başlayaraq şərab, brendi spirti və konyak istehsalı və qablaşdırılmasına qədər tam dövrü əhatə edir.

Qeyd olunur ki, müəssisənin illik istehsal gücü 5 milyon butulkaya çatır. Məhsullar həm yerli bazarda satılır, həm də ABŞ, Çin, Ukrayna, Belarus, Qazaxıstan və digər ölkələrə ixrac olunur.

Müəssisədə daimi olaraq 120 yerli sakin çalışır. Bildirilir ki, “Güzəştli Aqrokredit” proqramı çərçivəsində Gürcüstan üzrə şərab və spirtli içki istehsalı müəssisələrinin yaradılması və inkişafı üçün kommersiya bankları tərəfindən 300 milyon laridən çox aqrokredit verilib, Kənd İnkişafı Agentliyinin birgə maliyyələşdirməsi isə 74 milyon larini keçib. Kvemo Kartli bölgəsində isə bu proqram çərçivəsində 9 milyon laridən çox kredit, 3 milyon laridən çox isə agentlik tərəfindən birgə maliyyələşdirmə həyata keçirilib.

Oxşar