Daxili İşlər Nazirliyinin nümayəndə heyəti Polşada rəsmi görüşlər keçirib
Polşada, Varşava şəhərində Frontex tərəfindən təşkil edilən 25-ci Beynəlxalq Sərhəd Polisi Konfransında Gürcüstan DİN-nin Sərhəd Polisinin rəhbəri Nikoloz Şaradze və Patrul Polisi Departamentinin direktoru Vaja Siradze iştirak ediblər.
Daxili İşlər Nazirliyi tərəfindən verilən məlumatda tədbirin əsas mövzusunun sərhəddə yaranmış fövqəladə halların aradan qaldırılmasına hazırlıq olduğu deyilir.
Beynəlxalq konfransda dünyanın müxtəlif ölkələrindən sərhəd və sahil polisinin rəhbərləri iştirak ediblər.
Səfər çərçivəsində, Gürcüstanın Sərhəd Polisi və Patrul Polisinin rəhbər şəxsləri Moldova Respublikasının Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin Baş Müfəttişliyinin rəhbəri Vasiloi Rosian ilə ikitərəfli görüş keçiriblər və iki ölkənin sərhəd qurumları arasında əməkdaşlığın dərinləşdirilməsi haqqında danışıblar.
Gürcü nümayəndə heyətinin üzvləri Frontex-in Reaksiya Departamentinin rəhbəri Ana Kristine İorge ilə də görüşüblər. Tərəflər Gürcüstan Daxili İşlər Nazirliyi ilə FRONTEX arasında əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini və gələcək planları müzakirə ediblər.