Daxili İşlər Nazirliyi - Parlament yaxınlığında davam edən aksiyada 3-ü xarici ölkə vətəndaşı olmaqla 20 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin verdiyi məlumatda, 3-ü xarici ölkə vətəndaşı olmaqla 20 nəfərin saxlanıldığı deyilir.
“Mayın 12-də saat 22:00-dan parlamentə yaxın ərazidə başlayan aksiyaya paralel olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları ictimai asayişin qorunması üçün Rustaveli prospektinə, parlament binasına yaxın əraziyə səfərbər olunublar.
Qeyd edək ki, aksiya iştirakçıları Z. Jvania, Ş. Çitadze və B. Çiçinadze küçələri də daxil olmaqla parlament yaxınlığındakı küçələrə, qanunverici orqanın girişlərinin yaxınlığına yerləşdilər.
Aksiyanın təşkilatçıları və iştirakçıları parlamentin Hüquq Komitəsinin mayın 13-ü saat 09:00-a təyin edilmiş iclasında deputatların iştirakına icazə verməyəcəklərini açıq şəkildə bəyan etdikləri üçün Daxili İşlər Nazirliyinin əməkdaşları deputatların və aparat əməkdaşlarının parlament binasına daxil olması və deputatlıq səlahiyyətlərinin həyata keçirilməsinə imkan verilməsi üçün dəfələrlə onlara qanunverici orqanın girişlərini boşaltmağa çağırış ediblər.
Polisin aksiyanın təşkilatçılarına və iştirakçılarına yönəlik çoxsaylı çağırışlarına, eləcə də Daxili İşlər Nazirliyinin onların DİN-in nümayəndələrinin qanuni tələbinə tabe olmaq, sərbəst toplaşmaq və ifadə azadlığı qanunu ilə icazə verilən çərçivəni aşmamaq barədə bəyanat yaymasına baxmayaraq, aksiyanın iştirakçılarının bir hissəsi polisin qanuni tələbini nəzərə almayıb, ictimai asayişi pozub, hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib və təhqir edib.
Polis tərəfindən İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələrinə əsasən, bu mərhələdə 20 nəfər saxlanılıb. Saxlanılmış şəxslərdən 3-ü xarici ölkə vətəndaşıdır, konkret olaraq : 2002-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı Q.B., eləcə də Amerika Birləşmiş Ştatlarının vətəndaşı, 1995-ci il təvəllüdlü P.H. və kimliyini açıqlamaqdan imtina edən və ABŞ-ın Gürcüstandakı səfirliyi ilə əlaqə saxlamağı tələb edən eyni ölkənin başqa bir vətəndaşı. Sözügedən şəxslərin saxlanılması haqda Amerika Birləşmiş Ştatlarının və İsveçrə Konfederasiyasının səfirlikləri məlumatlandırılıb”- Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.