Daxili İşlər Nazirliyi Mestiada baş verən qətllə əlaqədar iki nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis İdarəsinin əməkdaşları “isti izlər”lə həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində Mestiada baş vermiş qətl hadisəsi ilə əlaqədar iki nəfəri saxlayıblar.
“Qəsdən adam öldürmə ittihamı ilə saxlanılıblar: 1952-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş R.A. və 1997-ci il təvəllüdlü Q.Ts.
Cinayət 10 ildən 15 ilədək həbs cəzasını nəzərdə tutur. İstintaqla cari ilin yanvarın 1-də Mestia Munisipalitetinin Etseri kəndində bir neçə nəfər arasında qarşıdurma baş verdiyi, bu zaman 1989-cu il təvəllüdlü Q.A və 1993-cü il təvəllüdlü Q.P. -nin odlu silahdan açılmış atəş nəticəsində dəymiş xəsarətlərdən dünyasını dəyişdiyi, 1998-ci il təvəllüdlü R.P.-nin sağlamlığına ziyan dəydiyi müəyyən edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən aparılmış əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən cinayəti törətməkdə təqsirləndirilən hər iki şəxs “isti izlər”lə saxlanılıb”-deyə DİN-in məlumatında deyilir.
Nazirlikdən verilən məlumatda qəsdən adam öldürmə faktı ilə əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaqın davam etdirildiyi deyilir.