Daxili İşlər Nazirliyi Fransanın “Airbus Helicopters” şirkəti ilə üç yeni helikopterin alınmasına dair müqavilə imzalayıb
Gürcüstan Daxili İşlər Nazirliyində Fransanın “Airbus Helicopters” şirkəti ilə üç yeni helikopterin alınmasına dair müqavilə imzalanıb.
Müqaviləni Gürcüstan tərəfdən Sərhəd Polisinin rəisi Nikoloz Şaradze, təminatçı şirkətdən isə “Airbus Helicopters” şirkətinin nümayəndəsi Romain Lana imzalayıb.
Gürcüstan hökuməti ilə razılaşdırılaraq, Daxili İşlər Nazirliyinin imkanlarını gücləndirmək məqsədilə Sərhəd Polisi üç H145 helikopteri alacaq.
Airbus ilə bir neçə aylıq danışıqlardan sonra layihənin ümumi dəyəri təxminən 26.500.000 avro təşkil edir. Müqavilənin şərtlərinə əsasən, illər əvvəl yüksək vəzifəli şəxslər üçün alınmış AS332 L1e S/N 2833 (Super Puma) helikopteri Gürcüstan tərəfindən Airbus Helicopters şirkətinə təhvil veriləcək. Sözügedən göyərtənin özəlləşdirilməsi ilə yeni helikopterlərin alınması üçün dövlətin çəkəcəyi xərcə 5 500 000 avro qənaət ediləcək.
H145 polis, nəqliyyat, axtarış və xilasetmə funksiyalarını yerinə yetirə bilən çoxfunksiyalı helikopterdir. Yeni helikopterlər yanğınsöndürmə və dağ-xilasetmə avadanlıqları ilə tam təchiz olunacaq. Onların iki mühərriki var ki, bu da uçuş təhlükəsizliyini artırır. Bu tip helikopter yüksək hündürlükdə işləmək və manevr etmək qabiliyyəti ilə seçilir ki, bu da Gürcüstanın dağlıq relyefi nəzərə alınmaqla, mövcud tapşırıqlara tam uyğun olacaq. H145 Almaniya, İsveçrə, Fransa, Kanada və digər ölkələrdə polis və fövqəladə halların idarə olunması xidmətləri tərəfindən uğurla istifadə edilən Airbus-un ən son modellərindən biridir.
Daxili İşlər Nazirliyində imzalanmış müqaviləyə əsasən, ilk helikopter müqavilə imzalandıqdan sonra 17 ay ərzində Gürcüstan tərəfinə təhvil veriləcək, hər üç aviasiya avadanlığı isə 20 aya qədər müddətdə Gürcüstanda, tam uçuş vəziyyətində olacaq. Müqaviləyə yeni helikopterlərin alınması ilə yanaşı, pilotların və mühəndislərin hazırlıqdan keçirilməsi, ehtiyat hissələrinin alınması və üç illik zavod zəmanəti daxildir.
Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayır.