Daxili İşlər Nazirliyi dünənki aksiyada saxlanılmış şəxslərlə bağlı bəyanat yayır
Daxili İşlər Nazirliyi dünənki aksiyada saxlanılmış şəxslərlə bağlı bəyanat yayır

 
Gürcüstanın Daxili İşlər Nazirliyi dünənki aksiyada saxlanılmış şəxslərlə bağlı bəyanat yayır.

Qurumun bəyanatında qeyd olunduğu kimi, polis 4 nəfəri imzası əsasında sərbəst buraxıb, saxlanılan 10 nəfər isə Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvəqqəti həbs təcridxanasına aparılıb.

“Yüksək ictimai maraqdan irəli gələrək, 2024-cü ilin aprelin 15-də Rustaveli prospektində keçirilən aksiya zamanı inzibati qaydada saxlanılan şəxslər haqqında ictimaiyyətə əlavə məlumat vermək istərdik.

Etiraz aksiyası zamanı aksiya iştirakçılarının öz etirazlarını dinc şəkildə ifadə etmələri və qanunla müəyyən edilmiş sərbəst toplaşma çərçivəsindən kənara çıxmamaları ilə əlaqədar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən çoxsaylı çağırışlara baxmayaraq, aksiya iştirakçılarının bir hissəsi polis əməkdaşlarının qanuni tələbinə tabe olmayıb, ictimai asayişi qorumaq üçün hadisə yerində olan hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib, onları sözlü təhqir edib, bunun əsasında da polis inzibati qaydada 14 nəfəri saxlayıb.

Müvafiq hüquqi prosedurlardan sonra polis 4 nəfəri imza əsasında sərbəst buraxıb, saxlanılan 10 nəfər isə Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvəqqəti həbs təcridxanasına aparılıb.

Saxlanılan şəxslər müvəqqəti həbs təcridxanasına daxil olan kimi həkimlər tərəfindən məxfi şəraitdə onların tibbi müayinəsi aparılıb və müvafiq sənədlər tərtib edilib. Saxlanılmış şəxslərin təcridxanada olduqları müddətdə əlavə tibbi yardıma ehtiyaclarının olmamasını qeyd etmək vacibdir.

Burada qeyd edilməlidir ki, saxlanılan şəxslər müvəqqəti təcridxanada olarkən məxfi şəraitdə Xalq Müdafiəçisinin nümayəndəsi ilə görüşərək danışmaq imkanı əldə ediblər.

Saxlanılmış bütün şəxslərin öz maraqlarını müdafiə edən vəkillərə, Xalq Müdafiəçisi İdarəsinin və Xüsusi İstintaq Xidmətinin nümayəndələrinə məhdudiyyətsiz çıxışı var” – Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.