Daxili İşlər Nazirliyi - Daxili İşlər Nazirliyinin guya bu il şəffaflıq qanunu ilə əlaqəli aksiyalarda eyni vaxtda təzyiqli su və gözyaşardıcı qazdan istifadə edərək “Polis haqqında” qanunu pozması haqda məlumat yalandır
Televiziya şirkətlərindən birinin Daxili İşlər Nazirliyinin guya eyni vaxtda təzyiqli su və gözyaşardıcı qazdan istifadə edərək “Polis haqqında” qanunu pozması haqda məlumatı yalandır və vətəndaşları məqsədyönlü şəkildə çaşdırmaq cəhdidir – bu haqda Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.
Nazirlikdə izah edirlər ki, Daxili İşlər Nazirliyi zorakılıq xarakterli toplantı və nümayişləri idarə edərkən Avropa standartlarına tam uyğun olan və bir sıra Avropa ölkələrinin polis bölmələri tərəfindən aktiv şəkildə istifadə olunan xüsusi vasitələrdən istifadə edir.
“İctimai marağın yüksək olmasından irəli gələrək, bu il “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu ilə əlaqədar keçirilən etiraz aksiyaları zamanı Daxili İşlər Nazirliyi tərəfindən xüsusi vasitələrdən qanun pozuntusuna yol verilərək istifadə edilməsi faktı ilə bağlı media vasitələrindən biri tərəfindən yayılmış məlumata münasibət bildirmək istəyirik.
İctimaiyyəti məlumatlandırmaq məqsədilə izah etmək istəyirik ki, sözügedən teleşirkət tərəfindən nazirliyin guya eyni vaxtda təzyiqli su və gözyaşardıcı qazdan istifadə edərək “Polis haqqında” qanunu pozması haqda süjetdə səsləndirilmiş məlumat yalandır və vətəndaşları məqsədyönlü şəkildə çaşdırmaq cəhdidir.
“Polis haqqında” Gürcüstanın qanunu polis tərəfindən xüsusi vasitələrdən istifadə qaydalarını aydın şəkildə müəyyən edir, qanunun 33-cü maddəsinin 3-cü bəndinə əsasən, “şəxsə, polis əməkdaşına və/və ya mühafizə olunan obyektə hücumu dəf etmək , asayişin kütləvi və qrup halında pozulmasının qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadəyə icazə verilir”, “Su şırnağı” nəqliyyat vasitəsi isə asayişin kütləvi şəkildə pozulmasının qarşısını almaq, dövlətə və/və ya ictimai obyektə qrup halında hücumun qarşısını almaq üçün istifadə olunur”.
Polis tərəfindən istifadə edilən xüsusi vasitələrin növü və onun intensivliyi qanunvericiliklə müəyyən edilmiş qaydada konkret vəziyyətə uyğun olaraq müəyyən edilir.
Xüsusilə vurğulamaq istəyirik ki, “Polis haqqında” Gürcüstanın qanunu, eləcə də onun əsasında qəbul edilmiş heç bir qüvvədə olan hüquqi akt təzyiqli su və gözyaşardıcı qazdan eyni vaxtda və ya paralel rejimdə istifadəni qadağan etmir.
Üstəlik, ATƏT/DTİHB və “Amnesty International” kimi nüfuzlu beynəlxalq təşkilatların tövsiyələri və rəhbəredici sənədləri belə bir qadağanı nəzərdə tutmur.
“Amnesty İnternational”ın rəhbəredici sənədinə əsasən, təzyiqli suya marker boyası və/yaxud kimyəvi maddələrin qatılmasına icazə verilir, ATƏT/DTİHB-in təlimatlarına əsasən, təzyiqli suya gözyaşardıcı qaz əlavə etmək və zorakı hərəkətlərdə iştirak edən şəxslərə qarşı ondan istifadə etməyə icazə verilir. Eyni sənədə görə, gözyaşardıcı qazdan istifadənin yeganə məqsədi toplantını dağıtmaq olmalı və insanların ərazini tərk etmək imkanı olmayan yerdə istifadə edilməməlidir.
Bir daha qeyd edirik ki, Daxili İşlər Nazirliyi zorakılıq xarakterli toplantı və nümayişləri idarə edərkən Avropa standartlarına tam uyğun olan və bir sıra Avropa ölkələrinin polis bölmələri tərəfindən aktiv şəkildə istifadə olunan xüsusi vasitələrdən istifadə edir.
Yayılmış yalan məlumat ictimaiyyəti çaşdırmaq və Daxili İşlər Nazirliyini məqsədyönlü şəkildə nüfuzdan salmaq məqsədi daşıyır” – Daxili İşlər Nazirliyinin bəyanatında qeyd olunub.