Daxili İşlər nazirinin müavini və ABŞ səfiri “Polisdə qadınlar” adlı konfransın qapanış mərasimində iştirak etdilər

11:26, 19.11.2021

“Polisdə Qadınlar” konfransının bağlanış mərasimində Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze və Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfiri Kelli Deqnan iştirak ediblər.

Daxili işlər nazirinin müavini və Amerika Birləşmiş Ştatlarının səfiri konfrans iştirakçılarına müvafiq sertifikatları təqdim ediblər.

Aleksandr Daraxvelidze Kelli Deqnana Daxili İşlər Nazirliyinin institusional inkişafına verdiyi töhfəyə görə təşəkkür edib və gender həssas ədalət mühakiməsinin həyata keçirilməsində qadın polislərin rolunu vurğulayıb. ABŞ səfiri təhlükəsizlik və sülhün möhkəmləndirilməsində qadınların hüquq-mühafizə orqanlarında iştirakının vacibliyini vurğulayıb.

Tədbir iştirakçıları xidməti vəzifələrini yerinə yetirərkən həlak olan qadın polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Dörd gün davam edən konfransda Daxili İşlər Nazirliyinin müxtəlif struktur bölmələrinin nümayəndələri qadın hüquq-mühafizə orqanlarının işinin xüsusiyyətləri və onların qarşısında duran vəzifələr, qadın polislərin gender bərabərliyində rolu, məişət zorakılığının qarşısının alınması, qadınlara qarşı şiddət və nifrət cinayətləri, qadınların təhlükəsizliyi kimi mühüm məsələləri müzakirə ediblər.

Konfransda Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin, Maliyyə Nazirliyinin və həmçinin L.Samxarauli Milli Ekspertiza Bürosunun nümayəndələri də iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd hüquq-mühafizə orqanları əməkdaşlarının potensialının gücləndirilməsi və onların motivasiyasının artırılması olub.

Konfrans Gürcüstan Daxili İşlər Nazirliyi və ABŞ-ın Narkotiklərlə Mübarizə və Beynəlxalq Hüquq Mühafizəsi Bürosu (INL) ilə əməkdaşlıq çərçivəsində keçirilib.

Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayıb.

Oxşar