Dağıstanda silahlı şəxslərin hücumları nəticəsində həlak olan hüquq-mühafizə orqanları əməkdaşlarının sayı 15-ə yüksəlib
Dağıstanda silahlı şəxslərin hücumları nəticəsində həlak olan hüquq-mühafizə orqanları əməkdaşlarının sayı 15-ə yüksəlib

 
Dağıstanda silahlı şəxslər tərəfindən koordinasiyalı hücumlar nəticəsində həlak olan hüquq-mühafizə orqanları əməkdaşlarının sayı 15-ə yüksəlib. Bir din xadimi də daxil olmaqla bir neçə mülki şəxs də həlak olub.

“Əllərində silahla Dağıstanın əmin-amanlığını qoruyan 15-dən çox polis bugünkü terror aktının qurbanı oldu”- Dağıstan Respublikasının rəhbəri Serqey Melikov deyib.

Melikov, Dağıstanda vəziyyətin hökumət qurumları və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən idarə olunduğunu qeyd edib.

Bununla yanaşı, Dağıstan Respublikasının rəhbəri, əməliyyat-axtarış və istintaq tədbirlərinin hücumlarda iştirak edən bütün şəxslər müəyyən edilənə qədər davam edəcəyini bildirib. Dağıstan Respublikasının rəhbərinin izah etdiyi kimi, hücumçulardan altısı məhv edilib.

Xatırladaq ki, Dərbənd şəhərində yerləşən kilsə və sinaqoqa, eləcə də Mahaçqala şəhərində yerləşən sinaqoq və yol polisi şöbəsinə hücum həyata keçirilib. Şəhərlər bir-birindən təxminən 120 kilometr uzaqlıqdadır.

Şübhəlilərin bir hissəsi avtomobillə qaçıb. Dağıstanın İstintaq Komitəsinin şöbəsi “terror hücumu” maddəsi ilə cinayət işi açıb. Daha sonra Dağıstanın Serqokalinski rayonunun rəhbəri Maqomed Omarovun oğullarının Mahaçqala və Dərbənd şəhərlərində həyata keçirilmiş hücumda iştirakı ehtimalına görə saxlanılaraq, dindirilməyə aparıldığı haqda məlumat yayıldı.

Dağıstanda 24, 25 və 26 iyun matəm günləri elan edilib.